Bu gün gecə AŞPA-nın Dağlıq Qarabağ üzrə alt komitəsinin başçısı lord Rassel Conson Bakıya gələcək. Bu barədə Trend ə AŞPA-da Azərbaycan nümayəndə heyətinin başçısı Səməd Seyidov məlumat verib.
Alt komitənin başçısı sabah noyabrın 29-30-da Bakıda keçiriləcək AŞPA-nın elm, təhsil və mədəniyyət üzrə alt komitəsinin konfransının işində iştirak edəcək. Konfrans "Mətbuat azadlığı və etika- peşəkar təhsilin Avropa standartları və jurnalistlər üçün treninqlər" adlanacaq.
Konfransda Avropa Şurasının Bakı ofisinin başçısı Denis Bribosia, Böyük Britaniya parlamentinin üzvü Robert Uolter, AŞPA-da Azərbaycanın nümayəndə heyətinin nümayəndəsi Rafael Hüseynov, Qafqaz jurnalistika məktəbinin nümayəndəsi Maia Mikaşavidze, Niderland, Almaniya, Fransa, Böyük Britaniya, Ukrayna ekspertləri və yerli mütəxəssislər, o cümlədən BBC kanalının nümayəndələri iştirak edəcəklər.