...

Teleradio Şurasının sədri N.Məhərrəmli: "Amerikanın səsi" və "Azadlıq" radiolarına vahid tezlik veriləcək

Siyasət Materials 7 Dekabr 2006 18:46 (UTC +04:00)
Teleradio Şurasının sədri N.Məhərrəmli: "Amerikanın səsi" və "Azadlıq" radiolarına vahid tezlik veriləcək

"Amerikanın səsi" və "Azadlıq" radiolarının Azərbaycanda yerli telekanallarda yayımının dayandırılmasının əvəzində onlara yayım üçün vahid dövlət tezliyi veriləcək. Bu barədə Trend ə Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli məlumat verib.

Qeyd edək ki, "Amerikanın səsi" və "Azadlıq" radioları rəhbərlərinin Teleradio Şurası sədri ilə planlaşdırılan görüşü bu gün - dekabrın 7-də baş tutub. Görüşdə xarici radiostansiyaların yüksək vəzifəli şəxsləri iştirak ediblər. Onlar Teleradio Şurasının sədri ilə Azərbaycanda yayım məsələsini müzakirə ediblər.

""Amerikanın səsi" və "Azadlıq" radioları hələ bir il bundan qabaq bizdən FM dalğaları istəyirdilər. Bununla bağlı məsələləri müzakirə etdik və ortaq məxrəcə gəldik. Bu barədə qərarı sabah Şuranın iclasında verəcəyik. Biz xarici radioların rəhbər şəxslərinə bildirdik ki, Azərbaycanda xarici radiostansiyaların yayımı dayandırılmır. Əksinə, onlar üçün indiyədək normal şərait yaradılıb"-deyə N.Məhərrəmli qeyd edib.

O, yerli tezliklərdə xarici radioların yayımının dayandırıldığını xatırladıb. Qeyd edib ki, bunun əvəzində Teleradio Şurası "Amerikanın səsi" və "Azadlıq" radiolarına yeni vahid tezlik verəcək. Bu radiolar vahid dövlət tezliyində yayımlanacaqlar. Bu tezliyin sahibi isə Milli Teleradio Şurası olacaq. N.Məhərrəmli həmin radioların lisenziya haqqı ödəmələrinə də toxunub. Bildirib ki, görüşdə bu haqda da danışıqlar gedib: "Azərbaycan Respublikasının Nazirlər Kabineti lisenziya haqqı barədə qərar çıxaran kimi biz həmin radiostansiyalarla müzakirələrə başlayacağıq. Teleradio Şurası xarici teleradio şirkətlərinin yerli kanallarla müqayisədə daha çox lisenziya haqqı ödəməsini təklif edib. Buna dair qərarı Nazirlər Kabineti verəcək. Xarici radiostansiyalar Azərbaycanda yayımlanmaq istəyirlərsə, bu qərarla razılaşmalıdırlar".

Görüşdə həmçinin "Amerkianın səsi" televiziyasının ANS-də yayımlanması məsələsinə də toxunulub. N.Məhərrəmlinin sözlərinə görə, Teleradio Şurası xarici qonaqlara öz təklifini açıqlayıb: "Biz bildirdik ki, xarici telekanllar Azərbaycan televiziyaları ilə danışıqlar aparsınlar, amma onlarla yalnız əməkdaşlıq edilsin. Yəni, retranslyasiya yox, əməkdaşlıq çərçivəsində məlumatlar yayılsın".

N.Məhərrəmli onu da bildirib ki, öz tezliklərində yayımlanın digər xarici radiostansiyalar 2007-ci ildən sonra yenidən lisenziyalarını alıb öz fəaliyyətlərini davam etdirəcəklər.

Xəbər lenti

Xəbər lenti