...

Millət vəkili Aydın Mirzəzadə: "Leo Platvoet məruzəsində obyektiv faktlara istinad edib"

Siyasət Materials 13 Dekabr 2006 15:57 (UTC +04:00)
Millət vəkili Aydın Mirzəzadə: "Leo Platvoet məruzəsində obyektiv faktlara istinad edib"

Avropa Şurası Parlament Assambleyasının Miqrasiya, qaçqınlar və məskunlaşma üzrə Alt Komitəsinin Parisdə keçirilən iclasında niderlandlı deputat Leo Platvoetin Cənubi Qafqazda itkin düşən şəxslərlə bağlı məruzəsi müzakirə olunub və məruzədə bir sıra dəyişikliklər edilib. Bu barədə Trend ə ekskülziv olaraq Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü, iclasda Azərbaycanı təmsil edən millət vəkili Aydın Mirzəzadə məlumat verib.

Onun sözlərinə görə, L.Platvoetin hazırladığı məruzə obyektivdir və reallığı əks etdirir. "Məruzəçi balanslaşdırmadan daha çox obyktivliyə üstünlük verib. Orada dəqiq rəqəmlərə istinad edilib. Bu, Azərbaycanın xaricdə apardığı təbliğatın və ölkəmizin Avropa Şurasında gördüyü işlərin nəticəsidir."

Məruzədə qeyd olunub ki, Cənubi Qafqazda insanların itkin düşməsi ilk növbədə ərazi münaqişələri nəticəsində baş verib. "Leo Platvoet məruzədə qeyd edir ki, Dağlıq Qarabağa və işğal olunmuş ətraf rayonlara Ermənistan öz qoşunlarını yerləşdirib. Bunun nəticəsində yerli əhali öz evlərindən qovulub. Orada ermənilər "hökumətlərini" qurublar. Beynəlxalq təşkilatın hesabatında belə açıq şəkildə informasiyanın verilməsi obyektivliyin göstəricisi hesab olunur."

Məruzədə göstərilir ki, 5000 nəfərə yaxın Azərbaycan vətəndaşı və 900 nəfərə qədər erməni itkin düşüb.

Lakin məruzədə Azərbaycanı qane etməyən məsələlər də olub. "Həmin məsələlərlə bağlı üç etirazımız oldu və onların üçü də qəbul edildi" - deyə, A.Mirzəzadə bildirib.

İclasda Ermənistanı təmsil edən deputat da iştirak edib. Lakin erməni deputat müzakirələrə qatılmayıb.

A.Mirzəzadə qeyd edib ki, Leo Platvoetin məruzəsi yanvar ayında AŞ PA-nın Miqrasiya, qaçqınlar və məskunlaşma üzrə Alt Komitəsində bir daha müzakirə olunacaq. "Əgər yanvar ayında məruzə qəbul olunsa, sənəd AŞ PA-nın ya yaz, ya da payız sessiyasında müzakirəyə çıxarılacaq."

Onu da qeyd edək ki, A.Mirzəzadə bu gün Azərbaycana dönəcək.

Xəbər lenti

Xəbər lenti