Prezidentin səlahiyyət müddətinin 7 ilə qədər artırılması təklifi millət vəkilləri tərəfindən müsbət qarşılanıb. Milli Məclisin Aqrar siyasət daimi komissiyasının sədri, hakim Yeni Azərbaycan Partiyasından olan deputat Eldar İbrahimov Trend ə bildirib ki, o hələ üç il bundan əvvəl prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilə qədər artırılması təklifi ilə çıxış edib.
"Lakin o vaxt ümummilli liderimiz Heydər Əliyev bu təkliflə razılaşmamışdı. İndi səsləndirilən təkliflə mən və bir sıra deputat həmkarlarım razıyıq."
Eldar İbrahimov qeyd edib ki, onun bu məsələ ilə bağlı başqa təklifi də var. "Azərbaycan Respublikasının Konstitusiyasının 101-ci maddəsinin 5-ci bəndində göstərilir ki, heç bir şəxs iki dəfədən artıq Azərbaycan Respublikasının prezidenti seçilə bilməz. Mən təklif edirəm ki, bu maddə Konstitusiyadan çıxarılsın. Əgər bir şəxs sağlamdırsa, xalqın etimadını doğruldursa və ölkəsi üçün lazımı işlər görə bilirsə niyə də üçüncü dəfə prezident seçilməsin?" deyə, millət vəkili vurğulayıb.
E.İbrahimov hesab edir ki, dünyanın demokratik təsisatları bu madənin Konstitusiyadan çıxarılmasına qarışı çıxmazlar. "Ona görə də hesab edirəm ki, referendum vasitəsi ilə 101-ci maddənin 5-ci bəndinin Konstitusiyadan çıxarılmasın ehtiyac var."