...

Üç partiya "Bizim Azərbaycan" blokunu tərk edib

Siyasət Materials 14 Dekabr 2006 17:30 (UTC +04:00)

Üç partiya - Tahir Abbaslının sədri olduğu Azərbaycan İslam Demokrat Partiyası (İDP), Valeh Mirzəyevin sədrlik etdiyi Xalq Azadlıq Partiyası (XAP) və rəhbəri Rövşən Məmmədli olan "Yeni Turan" Partiyası "Bizim Azərbaycan" Blokunu tərk ediblər.

İDP sədri Tahir Abbaslı Trend ə bildirib ki, 2003-cü ildə keçirilən prezident seçkisindən bir müddət sonra fəaliyyətsiz qalan blok parlament seçkisindən öncə fəaliyyətini bərpa etsə də, Müsavat Partiyasının "Azadlıq" blokuna qoşulması ilə blokun digər üzvləri parlament seçkisindən kənarda qalıb. "Parlament seçkisindən sonra bloka daxil olan 8 partiya, Müsavat Partiyasını çıxmaq şərti ilə toplantı keçirərək blokun fəaliyyətini bərpa etdi. Və rotasiya yolu ilə, hər partiyanın ayda bir dəfə sədr olması şərti ilə fəaliyyət göstərməyə başladı. Bu ilin avqustuna qədər blok bu yolla idarə olundu. Avqust ayında bloka daxil olan Türk Millətçi Partiyasının sədri Vüqar Bəyturan bloka sədr seçilsə də, ona 100 günlük möhlət verilib. "Amma ötən müddət ərzində blokun fəaliyyətinin genişlənməsi üçün Vüqar Bəyturan heç bir əməli iş görə bilmədi. Əksinə öz şəxsi maraqlarının təminatı istiqamətində çalışdı. Faktiki olaraq öhdəçilikləri yerinə yetirə bilmədi. Hətta bloka daxil olan partiyalar arasında qarşıdurma yaratmaq, nifaq salmaq istiqamətində çalışırdı."

Tahir Abbaslının sözlərinə görə, bütün bu baş verənləri nəzərə alaraq adlarıçəkilən partiyalar "Bizim Azərbaycan" blokunu tərk etmək barədə qərar veriblər. "Hesab edirik ki, digər partiyalar bu və ya digər şəkildə Vüqar Bəyturana bağlı olsalar da, gec-tez onun apardığı siyasət nəticəsində bloku tərk edəcəklər. Artıq Yaşıllar Partiyasının sədri Elmar Qafarov belə bir bəyanatla çıxış edib. O bildirib ki, əgər qarşıdakı 2 ay ərzində də Vüqar Bəyturan vədlərinə əməl etməsə, onun rəhbərlik etdiyi partiya bloku tərk edəcək" - deyə Tahir Abbaslı vurğulayıb.

Xəbər lenti

Xəbər lenti