...

AMİP sədri A.Rüstəmov: "Partiyamızın üzvlərinin Rəsul Quliyevin təşkilatında təmsil olunması mümkün deyil"

Siyasət Materials 19 Dekabr 2006 15:02 (UTC +04:00)

"AMİP üzvlərinin Rəsul Quliyevin təşkilatında təmsil olunması mümkün deyil. Bu həm bizim Nizamnaməmizə ziddir, həm də partiyalar arasında əməkdaşlığın olmamasından irəli gəlir". Bu fikirləri Trend ə açıqlamasında Azərbaycan Miilli İstiqlal Partiyasının (AMİP) sədri Ayaz Rüstəmov bildirib.

Qeyd edək ki, Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Rəsul Quliyevin yeni yaratdığı "Azərbaycanda Demokratiya Uğrunda Beynəlxalq Cəmiyyət" adlı qurumda AMİP üzvlərinin də təmsil olunduğu bildirilib. ADP üzvü Zəminə Dünyamalıyeva AXCP və AMİP-çilərin də R.Quliyevin təşkilatına qoşulduğunu açıqlayıb.

Ayaz Rüstəmov bu məlumatı təkzib edərək bildirib ki, AMİP-in Nizamnaməsi partiya üzvlərinin digər siyasi təşkilatlarda təmsil olunmasını qadağan edir. A.Rüstəmovun sözlərinə görə, R.Quliyevin təşkilatı siyasi yönümlü olduğundan AMİP-çilərin ora daxil olması mümkün deyil. AMİP-in ADP ilə münasibətlərinin soyuqluğunu xatırladan A.Rüstəmov qarşı tərəfin AMİP daxilində böhran yaranarkən qeyri-obyektiv mövqedə dayandığını deyib.

Qeyd edək ki, müxalifəti təmsil edən ADP hazırda "Azadlıq" siyasi partiyalar blokunun üzvüdür. ADP-nin sədri, Azərbaycanın eks-spikeri Rəsul Quliyev 1996-cı ildən indiyədək mühacirətdə yaşayır. AMİP-in isə qurucusu və 2004-cü ilin sonunadək sədri olan Etibar Məmmədov hazırda Beynəlxalq Demokrat İttifaqının (BDİ) sədr müavinidir.

Xəbər lenti

Xəbər lenti