...

YAP icra katibinin müavini Mübariz Qurbanlı: "Siyasi partiyalar haqqında" yeni qanuna ehtiyac olduğunu hamı etiraf edir"

Siyasət Materials 27 Dekabr 2006 17:20 (UTC +04:00)

"Hazırda qüvvədə olan "Siyasi partiyalar haqqında" qanunun dəyişdirilməsinin zəruri olduğunu və yeni qanuna ehtiyacın yarandığını hamı etiraf edir." Bu sözləri Trend ə açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı deyib.

M.Qurbanlı qeyd edib ki, "Siyasi partiyalar haqqında" qanunun yenidən işlənməsinə dair fikirlər səsləndirilib və proses davam edir. "Yeni Azərbaycan Partiyası da yeni qanunun qəbul olunmasına tərəfdardır. Çox guman ki, Milli Məclisin yaz sessiyasında da bu məsələ ilə bağlı hansısa proseslər olacaq" - deyə, millət vəkili vurğulayıb.

Onun fikrincə, bu məsələ bir siyasi təşkilatın təklifi ilə həll oluna bilməz. Ona görə də təkliflər paketi yığılmalı və yeni qanun layihəsi hazırlanmalıdır: "Yeni qanunun hazırlanmasını zəruri edən ən əsas amil "Siyasi partiyalar haqqında" qanunun 1992-ci ildə qəbul edilməsindən keçən müddət ərzində Azərbaycanın ictimai-siyasi həyatında baş verən dəyişikliklərdir. Həmin dövrdən sonra Azərbaycan Respublikasının Konistitusiyası qəbul olunub, buna uyğun olaraq qanunlarımız bu və ya digər formada dəyişikliklərə məruz qalıb. Eyni zamanda ölkəmiz Avropa Şurasının tam hüquqlu üzvüdür, digər beynəlxalq təşkilatlarda təmsil olunuruq. Ona görə də "Siyasi partiyalar haqqında" qanuna dəyişiklik edilməsi zərurəti var."

M.Qurbanlı bildirib ki, siyasi partiyaların dövlət tərəfindən maliyyələşdirilməsi məsələsi də yeni qanunun qəbulu prosesində öz əksini tapmalıdır. O vurğulayıb ki, dövlət siyasi partiyaların yaranması, inkişafı proseslərini müəyyənləşdirməklə bərabər, maliyyə mənbələri və maliyyələşmə məsələlərini də həll etməlidir. "Yəqin ki, gələcəkdə yeni qanun qəbul olunduqda bu məsələ də orada öz əksini tapacaq."

Qeyd edək ki, YAP 1992-ci ildə Naxçıvan MR Ali Məclisinin sədri olan Heydər Əliyev tərəfindən yaradılıb. Azərbaycanda 13 ildir hakim partiya olan YAP-ın indiki sədri prezident İlham Əliyevdir.

Xəbər lenti

Xəbər lenti