...

Millət vəkili Qənirə Paşayeva: "Ermənistanın silahlanması Cənubi Qafqaz bölgəsində gərginliyin saxlanılmasına şərait yaradır"

Siyasət Materials 24 Yanvar 2007 19:28 (UTC +04:00)

"Mənim Avropa Şurası Nazirlər Komitəsinə təqdim etdiyim yazılı sorğulardan biri çap olunub və AŞ PA deputatları arasında yayılıb". Bu sözləri Trend ə açıqlamasında Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü, millət vəkili Qənirə Paşayeva deyib.

Onun sözlərinə görə, bu sənəd Ermənistanın qeyri-qanuni silahlanması və qanunsuz yolla əldə etdiyi silahların böyük bir hissəsini Azərbaycanın işğal olunmuş ərazilərində yerləşdirməsi ilə bağlıdır.

Sənəddə qeyd olunur ki, Ermənistan "Avropada adi silahlı qüvvələr haqqında" müqavilənin prinsiplərini, "Etimad və təhlükəsizliyin möhkəmləndirilməsi tədbirləri üzrə" Vyana sənədini və digər beynəlxalq öhdəlikləri pozub, Rusiyadan qanunsuz olaraq 1 milyard dollarlıq silah alıb və həmin silahların böyük bir hissəsini Azərbaycanın işğal olunmuş ərazilərində yerləşdirib.

"Əsas narahatlıq yaradan bu silahların böyük bir hissəsinin Azərbaycanın işğal olunmuş ərazilərində yerləşdirilməsidir. Bu isə Cənubi Qafqaz bölgəsində sülhə və təhlükəsizliyə ciddi təhdid törədir, gərginliyin saxlanılması üçün şərait yaradır. Avropada silahlara nəzarət mexanizmi Azərbaycanın işğal olunmuş ərazilərində tətbiq olunmur. Bu da öz növbəsində bölgədə "boz" ərazilərin yaranmasına gətirib çıxarır. Ermənistan işğal olunan ərazilərdə öz silahlarını gizlədərək, silahlar üzərində nəzarət üzrə beynəlxalq müqavilələrin əsas prinsiplərini pozur və bununla da həm bölgəyə, həm də bütün Avropaya təhlükə yaradır", - deyə sənəddə bildirilir.

Q.Paşayeva öz sorğusunda qeyd edir ki, Avropa Şurası Nazirlər Komitəsi Ermənistanın qanunsuz fəaliyyətinin qarşısını almaq üçün hansı addımlar ata bilər, Azərbaycanın işğal olunmuş ərazilərində monitorinq aparılması üçün hansı işlər görür, Avropa Şurasının prinsiplərini pozaraq Azərbaycanın ərazilərini işğal edən Ermənistan Silahlı Qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılmasının nəzərdə tutan AŞ PA-nın 1416 saylı qətnaməsini yerinə yetirməyən Ermənistana qarşı niyə təsir mexanizmlərindən istifadə etmir.

Xəbər lenti

Xəbər lenti