...

Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin banisi M.Ə.Rəsulzadənin doğum günü qeyd olunur

Siyasət Materials 31 Yanvar 2007 13:01 (UTC +04:00)

Bu gün Azərbaycanda ilk müstəqil respublikanın banisi Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 123-cü ildönümü qeyd olunur. Trend in məlumatına görə, bu münasibətlə M.Ə.Rəsulzadənin Bakının Novxanı qəsəbəsindəki abidəsi önündə mərasim keçirilib.

Müsavat Partiyasının və digər siyasi partiyaların rəhbərləri, ziyalılar, bəzi millət vəkilləri, M.Ə.Rəsulzadənin qohumları abidə önündə toplanaraq, onun xatirəsini yad edib, ictimai-siyasi fəaliyyətindən, Azərbaycan tarixində oynadığı rolundan danışıblar.

Qeyd edək ki, M.Ə.Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub. Gənc yaşlarından ictimai, siyasi fəaliyyətə başlayan Məhəmməd Əmin istiqlalçılıq, türkçülük ideyalarının daşıyıcısı və təbliğatçılarından olub. "Şərqi rus", "Hümmət", "Təkamül", "İrşad" qəzetlərində ictimai, siyasi, publisistik yazılarla çıxış edən Rəsulzadənin həmtəsisçiliyi ilə 1911-ci ildə Müsavat Partiyası yaradılıb. 1918-ci ildə isə o, yaxın silahdaşları ilə birgə Azərbaycan Xalq Cümhuriyyətini qurub. Şərqdə ilk müstəqil və demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin ömrü iki ilə qədər sürüb və 1920-ci ildə Sovet imperiyası tərəfindən suquta uğradılıb. M.Ə.Rəsulzadə və digər görkəmli ziyalılar həbs olunub, sonradan SSRİ-nin rəhbəri İ.Stalinin göstərişi ilə o, həbsdən azad edilib. Lakin görkəmli dövlət xadimi M.Ə.Rəsulzadə ömrünün sonunadək Türkiyədə mühacirətdə yaşayıb, 1955-ci il martın 6-da Ankarada vəfat edib.

Xəbər lenti

Xəbər lenti