...

XİN başçısı Artis Pabriks: Latviya AB və NATO-nun üzvü kimi, Azərbaycanla əməkdaşlığa böyük əhəmiyyət verir

Siyasət Materials 1 Fevral 2007 13:42 (UTC +04:00)

Trend in Latviyanın xarici işlər naziri Artis Pabrikslə eksklüziv müsahibəsi

- Siz Azərbaycan və Latviya arasındakı münasibətləri necə qiymətləndirirsiniz? Cənubi Qafqaz ölkələrinə səfər etməyi nə zaman planlaşdırırsınız? Regional liderlərlə danışıqlarda hansı məsələlər diqqət mərkəzində olacaq?

- Biz Cənubi Qafqaz ölkələrinə bu ilin yazında səfər etməyi planlaşdırırıq. Latviya Cənubi Qafqaz ölkələri ilə əməkdaşlığa böyük əhəmiyyət verir. Bizim keçmişdə əməkdaşlıq təcrübəmiz var və biz bundan sonra da münasibətlərin inkişaf etməsində maraqlıyıq.
Ölkələrimizin çoxlu sayda ümumi maraqları var. Görüşlərdə gündəliyə həm siyasi, həm də iqtisadi sahələrdə ikitərəfli münasibətlərlə bağlı məsələlər daxil ediləcək. Ən mühüm məsələ islahatlar sahəsində əməkdaşlıq olacaq.
Bizim Azərbaycanda müzakirə edilməmiş çox məsələlərimiz var. İqtisadi əməkdaşlıq sahəsində bizim böyük potensialımız var və Azərbaycan və Latviya arasında artan əmtəə dövriyyəsi də buna sübutdur. Bu, hökumətlərarası komissiyanın vəzifəsidir.
Ölkələrimiz arasında siyasi dialoq çox fəal və konstruktivdir: son iki il ərzində diplomatik nümayəndəliklər təsdiq olunub, bizim aramızda daim siyasi məsləhətləşmələr var, bizim çox güclü parlamentdaxili əlaqələrimiz var, nazirliklər arasında, o cümlədən təhlükəsizlik, iqtisadiyyat, maliyyə, nəqliyyat, informasiya texnologiyaları, təhsil, səhiyyə və b. sahələrdə daimi əlaqə mövcuddur. Həmçinin Azərbaycan və Latviya arasında güclü hüquqi baza var, lakin biz yenə də bu bazanın genişlənməsi üçün işləyirik. Bunların hamısı müzakirə üçün vacib mövzudur.
Bizim münasibətlərimiz dostluq münasibətləri kimi xarakterizə oluna bilər. İndi iqtisadi və mədəni sahələr də daxil olmaqla, bütün qalan sahələrdə yaxınlaşmaq vaxtı çatıb. Bu cəhətdən millətlərin əlaqələri çox əhəmiyyətlidir və Latviyada azərbaycanlıların fəal olması, artan iqtisadi maraq, həm Riqa, həm də Bakıda olan səfirliklər, iki paytaxt arasında birbaşa uçuşlar bunun üçün yaxşı bazadır.

- Latviya Avropa Birliyi və NATO-nun üzvü kimi, Avropa və Avroatlantika qurumlarına inteqrasiyada Azərbaycana nə kimi yardım göstərə bilər?

- Latviya AB və NATO-nun üzvü kimi, Azərbaycanla əməkdaşlığa böyük əhəmiyyət verir. Biz başa düşürük ki, islahatlar yolu çox mürəkkəbdir və çox vaxt ictimaiyyətin dəstəyini almaq çox çətin olur, lakin islahatların olması gələcək inkişaf üçün zəruridir. Biz həmişə Avropa və Avroatlantika qurumlarına inteqrasiya sahəsində təcrübəmizlə bölüşməyə hazırıq. Bu, Azərbaycan, AB və NATO arasında dialoqun yaranmasına səbəb olacaq.

- Azərbaycanın bölgədə üstün rolunun güclənməsini və onun Avroatlantika qurumları ilə sıx əməkdaşlığa meyl etdiyini nəzərə alaraq, Siz Dağlıq Qarabağ münaqişəsinin həllinin müasir mərhələsində yeni yanaşmaların işlənib hazırlanmasının zəruri olduğunu hesab edirsinizmi?

- Latviya ATƏT Minsk qrupunun səylərini tamamilə dəstəkləyir və təqdir edir ki, 2006-cı ildə aparılan danışıqlar Dağlıq Qarabağ münaqişəsi üzrə qətnamə əsasında tərəfləri sülh sazişinə daha da yaxınlaşdırdı. Biz düşünürük ki, münaqişə üzrə qətnamə beynəlxalq hüququn hamı tərəfindən qəbul olunmuş prinsipləri bazasında və dövlətlərin suverenlik və ərazi bütövlüyünə əməl etməklə əldə oluna bilər.

- Siz iki ölkənin əməkdaşlığı üçün iqtisadiyyatın hansı sahələrini daha perspektivli hesab edirsiniz? Latviyanın Azərbaycanın enerji daşıyıcılarını almaq fikri varmı?

- Azərbaycan və Latviya arasında ikitərəfli iqtisadi münasibətlərin inkişafında atılacaq mühüm addım iki ölkə arasında hüquqi əsasın yaradılması olacaq. İqtisadi əməkdaşlıq, vergi qoyma, investisiya və müdafiə, gömrük əməkdaşlığı, informasiya texnologiyaları və maliyyə kimi mühüm sahələrdə artıq saziş imzalanıb. Həmçinin Hökumətlərarası Komissiya kiçik və orta müəssisələr arasında iqtisadi və ticari əməkdaşlığa əngəl törədən mövcud maneələri istisna etməklə, iki ölkə arasında əməkdaşlığın inkişaf etdiyini bildirib.
Həmçinin yalnız dövlət səviyyəsində iş deyil, o cümlədən Azərbaycan və Latviyanın biznes cəmiyyətlərinin sıx əməkdaşlığı çox zəruridir. Biznes əlaqələri müxtəlif biznes seminarların, konfransların, görüşlərin, ticarət missiyalarının və s. keçirilməsi yolu ilə inkişaf etməlidir. Bu cür əməkdaşlığa yaxşı nümunə kimi prezidentlərimizin rəsmi səfərləri zamanı təşkil olunmuş forumu göstərmək olar. Başqa belə forumun bu il keçirilməsi planlaşdırılır.
Biz həmçinin gələcəkdə böyük xeyir gətirəcək perspektiv sahələr kimi maliyyə xidmətləri, turizm və informasiya texnologiyaları haqqında düşünürük. Ölkələrimiz arasında turizmin inkişafı üçün yaxşı zəmin mövcuddur. Latviyanın "AirBaltic" hava daşımaları Bakı və Riqa arasında birbaşa uçuşları həyata keçirir. Biz 2006-cı ildə Bakıda nümayəndəlik açdıq və bu, Latviya vizalarının alınması prosesini xeyli asanlaşdırdı. Və əlbəttə ki, Latviya tərəfdən Azərbaycan haqqında daha çox şey bilmək və ölkəyə səfər etməklə bağlı böyük maraq var, biz həmçinin ümid edirik ki, Azərbaycan xalqının da Latviyaya gəlmək və boş vaxtlarını Riqa, Yurmala və Latviyanın digər gözəl yerlərində keçirmək arzusu olacaq.
Bizim maliyyə sektorumuzun Azərbaycan bazarına marağı artır. Parex Bank Azərbaycanın maliyyə bazarında fəaldır və orada öz filialını qeydiyyatdan keçirib. 2006-cı ilin sonunda Aizkraukles Banka`s - AB Consulting filialı Bakıda öz nümayəndəliyini açıb.
Həmçinin Latviya hər iki ölkənin tranzit potensialından istifadə edən nəqliyyat dəhlizlərinin inkişafı sahəsində Azərbaycanla olan sıx əməkdaşlığı salamlayır. Latviya malların idxal və ixracı üçün Azərbaycana öz limanları və infrastrukturunu təklif edə bilər.
AB-nin enerji siyasətinin prioritetlərindən biri enerji tədarükünün yol və mənbələrinin dürüst şəkildə müəyyən edilməsidir. AB-nin Azərbaycanla enerji əməkdaşlığı bu kontekstdə böyük rol oynayır. Azərbaycan resurslarının əhəmiyyəti Avropanın Fəaliyyət Planında, Energetika sahəsində əməkdaşlıqda Qarşılıqlı Anlaşma haqqında Memorandumda və Azərbaycan-Avropa əməkdaşlığının digər vasitələrində öz əksini tapır.
Yeni nəqliyyat yollarının inkişafında Azərbaycan və AB arasında əməkdaşlıq baxımından Latviya Azərbaycanla əməkdaşlığın dərinləşməsində maraqlıdır. Bizim neft və qazın Latviyanın da daxil olduğu şimal-qərbə tədarükünün gələcək inkişafı istiqamətində işləməyimiz çox zəruridir.

Xəbər lenti

Xəbər lenti