...

Avropa bankı Azərbaycanın Qaradağ Sement müəssisəsinin səhmdarlarının tərkibinə daxil oldu

Siyasət Materials 1 Fevral 2007 14:55 (UTC +04:00)
Avropa bankı Azərbaycanın Qaradağ Sement müəssisəsinin səhmdarlarının tərkibinə daxil oldu

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) tərəflər arasında imzalanmış sazişə əsasən Qaradağ Sement ATSC səhmdarlarının tərkibinə daxil olub. Trend xəbər verir ki, bu barədə bugünkü mətbuat konfransında elan olunub. Müəssisənin 10% səhmini almaq üçün AYİB 10 mln. ABŞ dolları sərmayə qoyub.

"Bizim əsas məqsədimiz Azərbaycanda qeyri-neft sektorunun inkişafı üzrə proqramın reallaşdırılmasında hökumətə yardım etməkdir. Qaradağ Sement kimi böyük müəssisənin səhmlərini alaraq, biz ölkə istehsalının genişləndirilməsinə yardım göstərməyə və digər potensial investorların qeyri-neft sektoruna vəsait qoymağa cəlb olunmasında nümunə olacağımıza ümid edirik", - deyə AYİB-in Qafqaz, Moldova və Belarus üzrə direktoru Maykl Deyvi qeyd edib.

"Bugünkü hadisə Azərbaycan hökuməti, Qaradağ Sement və AYİB-in 7 aylıq danışıqlarının bəhrəsidir. Bu saziş Azərbaycan üçün yeni mərhələdir. Sevindirici haldır ki, imzalanmış saziş Azərbaycan investisiya şirkətinin Holcim Group ilə əməkdaşlığın eyni hüquq və şərtləri ilə iştirakına imkan yaradacaq",- deyə iqtisadi inkişaf naziri Heydər Babayev vurğulayıb.

Tədbirdə çıxış edən Holcim Group şirkətinin MDb və Xəzəryanı dövlətlər üzrə baş meneceri Gareth Babbs şirkətin əvvəlki illərdə əsas istehsalat göstəriciləri haqqında danışıb və qeyd edib ki, 2005-ci ildə əldə olunmuş gəlirin 37%-i Avropa bölgəsinin payına düşüb və Azərbaycan da bura daxildir.

Bu illər ərzində Hindistan, Çin, ABŞ və b. ilə son dərəcə uğurlu müqavilələr bağlanıb. Şirkətin əməkdaşlarının sayı hazırda 100 min nəfər təşkil edir.

"Bizim üçün Azərbaycan çox mühüm bazardır. Və biz bundan sonra ölkədə sement istehsalını genişləndirmək niyyətindəyik", - deyə Gareth Babbs qeyd edib.

AYİB-in verdiyi investisiyalar ətraf mühitin mühafizəsi üzrə Avropa standartlarına uyğunlaşmaq və müəssisədə olan avadanlığın təkmilləşdirilməsi üçün istifadə olunacaq.

Xəbər lenti

Xəbər lenti