...

Ombudsman: Moskvadan qeyri-leqal azərbaycanlıların kütləvi departasiyası haqqında məlumat uydurmadır

Siyasət Materials 7 Fevral 2007 17:57 (UTC +04:00)
Ombudsman: Moskvadan qeyri-leqal azərbaycanlıların kütləvi departasiyası haqqında məlumat uydurmadır

Rusiyada yaşayan qeyri-leqal azərbaycanlıların hüquqlarının kütləvi şəkildə pozulması və onların kütləvi deportasiyaları haqqında məlumat tamamilə həqiqətə uyğun olmayan uydurmadır. Bu barədə Azərbaycanın İnsan haqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova Moskva səfərinin yekunlarını şərh edərkən Trend ə eksklüziv olaraq məlumat verib.

Onun sözlərinə görə, səfər zamanı o, Rusiyada yaşayan qeyri-leqal miqrantların vəziyyətini öyrənib, çünki cəmiyyətdə zorakılıq və hətta işgəncələrin tətbiq olunması ilə azərbaycanlıların kütləvi deportasiyaları haqqında yalan məlumat yayılıb. "Lakin Moskva səfəri zamanı mən əmin oldum ki, bunların hamısı həqiqətə uyğun olmayan əsl uydurmadır", - deyə ombudsman bildirib.

E.Süleymanova qeyd edib ki, Rusiya Federasiyasının bu yaxınlarda qəbul olunmuş miqrasiya qanunvericiliyinə əsasən, Moskvada yaşamaq və işləmək üçün rəsmi hüququ olmayan xarici dövlətlərin vətəndaşları ya ölkədən çıxarılır, ya da deportasiya olunurlar. Qeyri-leqal azərbaycanlılar Rusiya Federasiyası ərazisində yaşayan qeyri-leqal xaricilərin siyahısında üçüncü yeri tuturlar. Səfər çərçivəsində Azərbaycanın İnsan haqları üzrə müvəkkili Rusiyanın insan haqları üzrə müvəkkili Vladimir Lukinlə çox ciddi görüşlər keçirib. Onunla müvəqqəti olaraq bu ölkələrin ərazisində yaşayan və işləyən hər iki ölkə vətəndaşlarının hüquqlarının müdafiəsi üzrə əməkdaşlıq haqqında müqavilə var.

Həmçinin ombudsman yüksək səviyyədə də görüşlər keçirib. E.Süleymanova, o cümlədən, RF Federal miqrasiya xidmətinin, Moskva şəhəri BDİİ rəsmi şəxsləri ilə görüşüb. Görüşdə insanların, azərbaycanlıların hüquq pozuntularının müxtəlif aspektləri müzakirə olunub, azərbaycanlıların Rusiya ərazisindən çıxarılması və leqallaşdırılması şərtlərinin yumşaldılması, miqrantların xəbərdarlıq edilməsi və s. üzrə tövsiyyələr verilib.

E.Süleymanova həmçinin bildirib ki, müvəqqəti olaraq təcridxanada saxlanan 10 azərbaycanlı miqrant ən geci bu ayın sonunadək ölkələrinə göndəriləcəklər.

Ombudsmanın sözlərinə görə, Rusiya hökumətində həmçinin aprelin 1-dən miqrantlara qarşı tətbiq olunacaq məhdudiyyətlər də fəal şəkildə nəzərdən keçirilir. Çox ehtimal ki, aprelin 21-dən ölkədən çıxarılma və deportasiya qaydalarında müvafiq dəyişikliklər ediləcək.

Xəbər lenti

Xəbər lenti