...

Hacı Hacıağa Nuri: "İslam Partiyasının qurultayı may ayında keçiriləcək"

Siyasət Materials 28 Fevral 2007 15:28 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Azərbaycan İslam Partiyasının (AİP) altıncı qurultayı may ayında keçiriləcək. AİP sədri Hacı Hacıağa Nuri bildirib ki, qurultayın gecikməsi "Siyasi partiyalar haqqında" yeni qanunun qəbul olunmaması ilə bağlıdır.

Partiya sədri deyib ki, əgər Milli Məclis "Siyasi partiyalar haqqında" yeni qanunu qəbul edərsə onun tələbləri partiyanın Nizamnaməsində əks olunmalıdır.

"Partiyanın Nizamnaməsi isə qurultayda müzakirə və qəbul olunur. Sonra isə Ədliyyə Nazirliyinə göndərilir. Biz də istəyirdik ki, yeni qanun qəbul olunsun və onun tələblərinə uyğun Nizamnamə hazırlayaq. Lakin sonra elan olundu ki, "Siyasi partiyalar haqqında" yeni qanun 2007-ci ildə qəbul olunmayacaq. Ona görə qərara aldıq ki, qurultayımızı keçikdirək", -deyə H.H.Nuri əlavə edib.

Onun sözlərinə görə, hazırda rayon təşkilatlarında qurultaya hazırlıq konfransları keçirilir.

H.H.Nuri bildirib ki, qurultaydan sonra sənədləri yenidən Ədliyyə Nazirliyinə göndərəcəklər və partiyanın dövlət qeydiyyatına alınmasında təkid edəcəklər.

Qurultayda təşkilati məsələlər, prezident seçkilərində partiyanın hansı formada iştirak etməsi müzakirə olunacaq. Bundan başqa AİP-in rəhbər və seçkili orqanlarına, sədrliyə seçkilər keçiriləcək.

"Mən yenidən sədrliyə namizədliyimi irəli sürəcəm. Alternativ namizədlər olarsa onlar üçün lazım olan bütün şərait yaradılacaq. Partiya sədri kimi seçkilərin tam demokratik və şəffaf keçirilməsini təmin edəcəm. Kimin sədr olmaq niyyəti varsa onlara öz namizədliklərini irəli sürməyə şərait yaradacam", -deyə partiya sədri vurğulayıb.

Qeyd edək ki, AİP 1991-ci ilin avqustunda təsis olunub, 1992-ci ildə Ədliyyə Nazirliyində qeydiyyata alınıb. Partiya 1995-ci il parlament seçkilərində iştirak etdiyi üçün təkrar qeydiyyata alınmayıb.

Xəbər lenti

Xəbər lenti