...

Siyavuş Novruzov: "ADP-nin "Azadlıq" blokundan çıxarılması müxalifətin dialoq prosesinə hazır olmadığını ortaya qoydu"

Siyasət Materials 14 Mart 2007 18:11 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Azərbaycan Demokrat Partiyasının (ADP) "Azadlıq" blokundan çıxarılması və digər təpkilər bir daha müxalifətin dialoq prosesinə hazır olmadığını ortaya qoydu. Hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bildirib ki, "Azadlıq" blokunda təmsil olunan partiyaların rəhbərləri ictimaiyyət və o cümlədən öz təşkilatlarında qəbul edilməyən adamlardır.

"Biz ADP-nin dialoq təklifinə münasibət bildirmişik. Digər partiyalara da məsləhət görürük ki, belə addımlar atsınlar. Bunda heç bir qəbahət yoxdur", -deyə YAP rəsmisi əlavə edib.

Başqa-başqa dövrlərdə müxalifət partiyalarının ATƏT-dən, Avropa Şurasından, ayrı-ayrı səfirliklərdən iqtidarla müxalifət arasında dialoqun yaranması üçün vasitəçi olmalarını xahiş etdiklərini vurğulayan S.Novruzov hesab edir ki, vasitəçi olmadan dialoqun mümkünlüyü ideyası ortada varsa, bütün müxalifət partiyaları buna dəstək verməlidirlər: "Amma biz bunun tamamilə əksini müşahidə etdik. Bunun səbəblərindən biri niyə ADP-nin qabağa düşməsidir? Digər tərəfdən, prezident İlham Əliyev, eləcə də onun rəhbərlik etdiyi YAP dəfələrlə bəyan edib ki, müxalifətlə dialoqa hazırdır. Lakin bu gün müxalifət dialoqa hazır deyil. Birincisi, bu düşərgənin potensialı yoxdur, ikincisi, dialoq hər hansı bir mövzu ətrafında olmalıdır və biz buna hazırıq. Dəfələrlə bunu nümayiş etdirmişik."

Millət vəkili hesab edir ki, Müsavat, Xalq Cəbhəsi və digər partiyalar ADP-dən nümunə götürməlidirlər. . Qeyd edək ki, YAP 1992-ci ildə Naxçıvanda yaradılıb. Partiyanın ilk sədri mərhum eks-prezident Heydər Əliyev olub. 14 ildir ki, hakim partiya olan YAP-ın indiki sədri prezident İlham Əliyevdir.

Xəbər lenti

Xəbər lenti