...

Politoloq: "Serj Sarkisyanın baş nazir təyin olunması ilə Robert Koçaryanın siyasi varisi məsələsinə birmənalı şəkildə aydınlıq gətirildi"

Siyasət Materials 5 Aprel 2007 16:02 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Ermənistan hakimiyyəti tərəfindən hazırkı prezident Robert Koçaryanın siyasi varisi məsələsinə birmənalı şəkildə aydınlıq gətirildi və baş nazir təyin olunan Serj Sarkisyan iqtidarın və onu dəstəkləyən qüvvələrin vahid namizədi olacaq. Ermənistanın müdafiə naziri Serj Sarkisyanın baş nazir təyin olunmasını şəhr edən politoloq Eldar Namazov belə deyib.

Onun fikrincə, Ermənistan müxalifəti S.Sarkisyanla mübarizə aparacaq real gücə malik olan namizəd tapa bilməyəcək: "Ona görə də Serj Sarkisyanın prezident seçilmək şansını yüksək qiymətləndirmək lazımdır."

E.Namazov deyib ki, S.Sarkisyanın baş nazir təyin olunması və gələcəkdə prezident seçiləcəyi təqdirdə bu, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün aparılan danışıqlara heç bir təsir göstərməyəcək. Politoloq vurğulayıb ki, S.Sarkisyan neçə illərdir ki, Ermənistan siyasətinin aparıcı simalarından biridir və iki ölkə arasında aparılan danışıqlarda iştirak edib.

"O, yeni adam deyil ki, danışıqlara müsbət və ya mənfi şəkildə təsir göstərsin", -deyə E.Namazov əlavə edib.

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri Mübariz Əhmədoğlu isə hesab edir ki, S.Sarkisyanın baş nazir təyin olunması heç də Ermənistanda siyasi hakimiyyətin gələcək taleyini həll etməyib. "Çünki Ermənistanda Robert Koçaryanla Serj Sarkisyan arasında gizli mübarizə gedir. Serj Sarkisyanın baş nazir təyin olunması məsələsində də Konstitusiyanın tələbləri pozulub. 10 gün ərzində bu məsələni parlament təsdiq etməli idi. Lakin 10-cu günün tamamında Robert Koçaryan yalnız təqdimat verdi", -deyə politoloq əlavə edib.

Onun fikrincə, Ermənistanda Rusiyapərəst siyasi xətlə, Qərbmeyilli qüvvələr arasında mübarizə gedir. M.Əhmədoğlu vurğulayıb ki, Ermənistandakı vəziyyəti proqnozlaşdırmaq çətindir. Çünki bu ölkə ciddi şəkildə qeyri-müəyyən bir dövrə qədəm qoyub: "Bunun nəticələrinin necə olacağını demək çətindir. Amma mən Rusiyanı daha israrlı görürəm. Qərbə nisbətən Rusiya Ermənistanda xeyli güclüdür. Ona görə də Moskva bu ölkədə istədiyi layihəni həyata keçirə bilər."

M.Əhmədoğlu vurğulayıb ki, S.Sarkisyanın baş nazir təyin olunması Dağlıq Qarabağ münaqişəsinin həlli üçün aparılan danışıqlara mənfi təsir göstərməyəcək. Ermənistanın münaqişə ilə bağlı mövqeyi xarici təsir altında yumuşaldılacaq.

Xəbər lenti

Xəbər lenti