...

"Bizim Azərbaycan" blokunun sədri eyni adda alternativ qurumun yaradılmasını məntiqsiz sayır

Siyasət Materials 11 Aprel 2007 14:40 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ "Bizim Azərbaycan" blokunun sədri Vüqar Bəyturan qurumdan ayrılan və xaric edilən bir neçə partiyanın eyni adda blok yaratmasına etiraz edir və bunu məntiqsiz sayır. Bu barədə "Bizim Azərbaycan" blokunda təmsil olunan Türk Millətçi Partiyasının sədri Bəyturan açıqlama verib.

Blokun keçmiş üzvü olan İslam Demokrat Partiyasının sədri Tahir Abbaslı bidirib ki, "Bizim Azərbaycan"ın fəaliyyətini bərpa etmək üçün beş partiya bir araya gəlib. Abbaslının sözlərinə görə, İslam Demokrat, Yaşıllar, Yeni Turan, Xalq Azadlıq və Milli Etimad partiyaları bundan sonra "Bizim Azərbaycan" bloku adı ilə fəaliyyət göstərmək niyyətindədirlər.

Vüqar Bəyturan isə bildirib ki, "Bizim Azərbaycan" bloku fəaliyyətini davam etdirir və hazırda blokda səkkiz partiya təmsil olunur. Onun sözlərinə görə, Xalq Azadlıq və İslam Demokrat partiyaları 2006-cı ilin dekabrında blokdan xaric edilib, Milli Etimad Partiyası isə 2005-ci ildə blok yeni tərkibdə bərpa edilərkən ümumiyyətlə təsisçi və üzv olmayıb. Bəyturanın sözlərinə görə, "Yaşıllar" və "Yeni Turan" partiyaları isə məsələdən xəbərsiz olduqlarını bildiriblər. "Blokda təmsil olunmayan, xaric edilən partiyalar blokun adından danışa və ya onu bərpa edə bilməzlər. Belə iddialar blokun nüfuzuna, siyasi fəaliyyətinə zərbə vurur" - deyə Bəyturan vurğulayıb.

Yaşıllar Partiyasının sədri Elmar Qafarov bildirib ki, bu blokda təmsil olunmuş bir neçə partiya birləşmə formalarını axtarırlar və yeni bir siyasi hərəkatın yaradılması məsələsi gündəmdədir. Lakin o, "Bizim Azərbaycan" adında ikinci bir blokun yaradılmasının tərəfdarı olmadığını və bu prosesdə iştirak etmədiyini deyib. Blok daxilində narazılıqların olduğunu deyən Qafarovun sözlərinə görə, "Bizim Azərbaycan"dan çıxması və başqa adda yeni siyasi quruma qoşulması mümkündür.

Qeyd edək ki, 2003-cü il prezident seçkilərində iştirak məqsədilə yaradılan "Bizim Azərbaycan" bloku Müsavat Partiyasının başqanı İsa Qəmbərin namizədliyini dəstəkləyib. Sonradan Müsavat və başqa partiyalar bloku tərk edib.

Xəbər lenti

Xəbər lenti