...

Türkiyə Böyük Millət Məclisinin sabiq sədri: "ABŞ qoşunlarının bütövlükdə İraqdan çıxarılması mümkün deyil"

Siyasət Materials 27 Aprel 2007 17:34 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ ABŞ qoşunları bütövlükdə İraqdan çıxarıla bilməz. Bu barədə cümə günü Türkiyə Böyük Millət Məclisinin sabiq sədri, Bakıda keçirilən "Dözümlülüyün və qarşılıqlı anlaşmanın inkişafında KİV-in rolu" adlı beynəlxalq konfransda iştirak etmək üçün Azərbaycanda səfərdə olan Hikmət Çətin bildirib.

Onun fikrincə, ABŞ-da demokratlar hakimiyyət gəlsə belə, qoşunların İraqdan çıxarılması mümkün deyil. Amma mərhələli olaraq İraqdakı qüvvələrini azaltması mümkündür.

Çətin qeyd edib ki, İraqda vəziyyət çox qarışıqdır, ölkə çox ağır bir durumdadır. "Hesab edirəm ki, hazırda heç kim İraqda nə olacağını bilmir. Yəni nə İraqda böyük güc olan ABŞ, nə də hər hansı bir qüvvə hazırda irəlini görə bilmir. İraq xalqının məsələni mənimsəməsi və İraqın öz ayaqları üstündə dayanaraq öz gücü hesabına təhlükəsizliyini ölkənin birliyi və bütövlüyü daxilində qoruması lazımdır. Bu da çox çətin məsələdir".

İranın nüvə dosyesi ətrafında yaranmış vəziyyətə toxunan Türkiyə parlamentinin sabiq sədri vurğulayıb ki, İranın bu məsələni sülh yolu ilə həll etməsi vacibdir. Onun fikrincə, müharibə vəziyyətdən çıxış yolu deyil: "Danışıqlar vasitəsi ilə barışdırıcı həll yolunun tapılmasının mümkün olduğuna inanıram. Dünyanın bu bölgəsində yeni bir problem yaratmadan, məsələni müharibə səviyyəsinə çatdırmadan həll etmək vacibdir".

Türkiyədə keçirilən prezident seçkiləri ətrafında yaranmış mübahisələrə toxunan Çətinin fikrincə, ölkəsi bu məsələni tezliklə həll edəcək: "Türkiyənin daxili siyasətinə çox qarışmaq istəmirəm. Amma Türkiyə bu məsələni də həll etmək üçün özündə güc tapacaq. Hər hansı fərdlər üzərində də xüsusi dayanmaq istəmirəm. Demokratiya olan yerdə hər bir məsələnin həll yollarını tapmaq mümkündür".

Xəbər lenti

Xəbər lenti