...

Arif Məmmədov: "Zənn etmirəm ki, erməni lobbisi AŞ-daki məsələlərə təsir göstərsin"

Siyasət Materials 14 May 2007 13:45 (UTC +04:00)
Arif Məmmədov: "Zənn etmirəm ki, erməni lobbisi AŞ-daki məsələlərə təsir göstərsin"

Belçika, Brüssel / Trend müxbir R.Tağıyev/ Azərbaycanın Avropa Şurası  yanındaki daimi nümayəndəliyinin rəhbəri, səfir Arif Məmmədovla müsahibə.

- Bu ilin yanvar ayında Azərbaycanın Avropa Şurası  yanındaki daimi nümayəndəliyinin rəhbəri təyin edildiniz. Keçən ilə qədər də Azərbaycanın Benelüks ölkələri üzrə səfiri işlədiyinizdən Avropa Birliyində sıx-sıx görüşləriniz olurdu. Ümumiyyətlə, sizin fikrinizcə, Avropa Şurası Avropa Birliyindən hansı yönləriylə fərqlənir?

- Bizim üçün Avropa Birliyi və Avropa Şurası kimi iki beynəlxalq təşkilat arasında əsas fərq ondan ibarətdir ki, Azərbaycan Avropa Şurasının üzvüdür. Avropa Birliyinə üzv olmayan bir dövlət kimi hər hansı yüksək rütbəli məmurla görüşmək, birbaşa əlaqə yaratmaq bir az çətindir. Lakin Azərbaycan Avropa Şurasına üzv dövlət olduğu üçün burada bizim öz fikirlərimizi digər üzv dövlətlərin diqqətinə çatdırmaq daha rahat və effektlidir.

Azərbaycan Avropa Birliyi ilə əməkdaşlığı əsasən energetika, nəqliyyat dəhlizləri, viza məsələsi, təhsil kimi bir çox sahələrdə davam edir. Ümumiyyətlə, Avropa Birliyi- Azərbaycan əməkdaşlığında daha çox iqtisadi maraqlar ön planda durur. Cənab prezident İlham Əliyev Brüsselə səfərində də bildirmişdi ki,  Azərbaycanda hazırda elə imkanlar yaranıb ki, bir çox iqtisadi layihəni Azərbaycan özü həyata keçirə bilər. Azərbaycanın bu layihələri həyata keçirməsi üçün kifayət qədər maliyyə imkanları var.

Avropa Şurasında isə daha çox demokratikləşmə, vətəndaş cəmiyyətinin yaradılması və inkişaf etdirilməsi, yerli və regional idarə sistemləri əsas mövzulardandır. Azərbaycanın Avropa Şurasıyla da birgə həyata keçirdiyi layihələr var.

- Bütün beynəlxalq təşkilatların, o cümlədən Avropa Şurası və Avropa Birliyinin hər ölkəylə olduğu kimi, Azərbaycanla da bağlı rəsmi mövqeyi var. Ümumi olaraq götürsək, hər iki beynəlxalq təşkilata üzv ölkələrin Azərbaycanla bağlı mövqeləri hansı yöndədi, Azərbaycanla əməkdaşlığa və əlaqələrin genişləndirilməsinə necə baxırlar?

- Bilirsiniz, bir ölkə siyasi və iqtisadi cəhətdən nə qədər güclü olarsa, həmin ölkəyə bir o qədər də maraq artır. Konkret olaraq deməyəcəyəm, ancaq burda mənim üzv ölkələrin səfirləriylə, Avropa Şurası rəsmiləriylə ikitərəfli görüşlərim olur. Artıq digər ölkələrin Azərbaycana qarşı maraqları çox böyükdür. Artıq qəbul edirlər ki, Azərbaycan regionda iqtisadi baxımdan inkişaf etmiş, geniş maliyyə imkanlarına sahib, stabil olaraq inkişafda olan bir dövlətdir.

Qarabağ münaqişəsi ilə bağlı Avropa Şurasının və Amerika Dövlət Departamentinin mövqeləri və edilən düzəlişlər bir daha sübut edir ki, Azərbaycan nə qədər əhəmiyyətli bir ölkədir.

Azərbaycan, Avropanın enerji təhlükəsizliyi baxımından, eyni zamanda qərb dövlətləriylə, Rusiya və İran ilə münasibətlərdə, Orta Asiya ölkələriylə əlaqələrin genişləndirilməsində aparıcı rola sahib ölkələrdən biri olaraq qəbul olunur. Azərbaycanın artıq regionda güclü  və lider dövlət olaraq tanınması ölkəyə qarşı olan marağı daha da artırır.

- Hazırda Azərbaycanın başlıca problemi Dağlıq Qarabağ məsələsi sayılır. Bu problem Azərbaycanın Avropa Şurasına üzv olmamışdan əvvəl də var idi, indi də davam edir. Avropa Şurasının qanunlarına zidd olmasına baxmayaraq, Ermənistan öz işğalçı mövqeyini davam etdirir. Üzv dövlətlərdən birinin digərinin ərazisini işğal etməsinin heç bir əsası olmadığı halda, AŞ bu məsələylə bağlı konkret olaraq tədbir görməyib. Buna necə baxırsınız?

- Avropa Şurasının bu problemlə bağlı qəbul etdiyi 1416 saylı qətnamənin çox ədalətli, eyni zamanda Azərbaycanın maraqlarına uyğun olduğunu bir daha bildirmək istəyirəm. Bundan əlavə, Avropa Şurasında keçirilən görüşlərdə, tərtib olunan sənədlərdə Qarabağ problemi öz əksini tapıb. Avropa Şurasının bu məsələylə bağlı  rəsmi mövqeyi də  Azərbaycanın mövqesiylə üst-üstə düşür.

Bu məsələnin daim gündəlikdə olmasını Ermənistana göstərilən təyziq kimi qiymətləndirmək olar. Avropa Şurasında Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğu üzv dövlətlər tərəfindən qəbul edilir və eyni zamanda mütəmadi olaraq Ermənistanın işğalçı mövqeyi pislənilir. Ermənistan özü də bilir ki, Dağlıq Qarabağ problemiylə bağlı mövqeyi olduqca zəifdir. Təbii ki, Ermənistan rəsmiləri də AŞ tərəfindən təzyiqi azaltmaq üçün müxtəlif yollardan istifadə edirlər. İstər AŞ Nazirlər Komitəsinin iclasında, istərsə də digər görüşlərdə olsun, biz dəfələrlə şahidi olmuşuq ki, Dağlıq Qarabağ məsələsindən söz ediləndə erməni diplomatlar diqqəti yayındırmağa çalışaraq qondarma erməni soyqırımını, Naxçıvanda erməni abidələrinin dağıdılmasıyla bağlı həqiqətə uyğun olmayan məlumatları və müxtəlif bəhanələri irəli sürürlər.

Təbii ki,  azərbaycanlı və türk diplomatlar bu cür şişirdilmiş məlumatların yayılmasına imkan verməməlidirlər. Çünki ermənilər soyqırıma məruz qalmış xalq mövqeyindən çıxış etməyə çalışırlar, lakin onlar da çox yaxşı bilirlər ki, bir ölkənin ərazisinin işğal edilməsini dəstəkləyən heç bir arqument yoxdur.  Ermənistan bu problemlə bağlı beynəlxalq ictimaiyyətin təyziqini davamlı hiss edir.

Dağlıq Qarabağ problemi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Ermənistan mətbuatında çıxan sadəcə  5 rayonun geri qaytarılmasıyla bağlı xəbərlər həqiqəti əks etdirmir, əksinə, işğal altında olan 7 rayonun azad edilməsi bu probleminin həlli yollarının əsas prinsiplərindəndir və danışıqlarda çox güman ki, bu məsələ iki mərhələdə həll olsun.  Azərbaycanın prezindeti də açıq şəkildə ifadə edib ki, Ermənistan bilir ki, bu gün də olmasa sabah, gec-tez torpaqları geri qaytarmaq məcburiyyətində qalacaq.

Azərbaycanın gün keçdikcə maliyyə imkanlarının genişləməsi, ölkəmizdə gedən  iqtisadi inkişafı qonşu dövlətlər də görür. Dağlıq Qarabağ probleminin həlli çərçivəsində bölgədə yaşayan ermənilər də hər bir Azərbaycan vətəndaşı kimi bütün imkanlardan istifadə edə biləcəklər. Artıq danışıqlar prosesi sürətlənib, bundan sonra da problemin həlli ilə bağlı müəyyən irəliləyişlər olacaq, erməni siyasətçilər də nə qədər məsələni uzatmağa çalışsalar da artıq dərk edirlər ki, bunun başqa yolu yoxdur. Eyni zamanda artıq bir çox beynəlxalq təşkilat bu problemlə bağlı öz qəti mövqeyini açıqlayıb və Ermənistanın işğalçı siyasətini pisləyib. Bu yaxınlarda NATO-da keçirilən görüşlərdə də birmənalı olaraq Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğu vurğulandı.

- Əsasən bu cür məsələlərdə hər bir dövlətin, hər bir xalqın müəyyən səbr etmə müddəti var. Rəsmi görüşlərdə, o cümlədən Dağlıq Qarabağ probleminin həlli ilə bağlı  danışıq proseslərində müəyyən bir vaxt keçəndən sonra əgər problem öz həllini tapmazsa, Azərbaycanın hərbi yoldan istifadə edə biləcəyi barədə fikirlər səslənirmi?

- Əvvəlcə qeyd edim ki, beynəlxalq təşkilatlar qəti olaraq hərbi yoldan istifadənin əleyhinədirlər. Beynəlxalq ictimaiyyət də bilir ki, Azərbaycanda yüksək inkişaf gedir və Azərbaycan öz imkanlarıyla torpaqları müharibə yolu ilə də azad edə bilər. Azərbaycanın indiki hərbi büdcəsi Ermənistanın ümumi büdcəsinə bərabərdir.  Bu gün Azərbaycanda 30-40 faiz inkişafdan söhbət edilir. Lakin hərbi yoldan istifadə etmə ən axırıncı çarədir. Heç bir ananın gözü yaşlı olmasını istəmirik və hər bir siyasətçinin də əsas vəzifəsi odur ki, maksimal bir şəraitdə siyasi yollardan istifadə edərək müharibəyə yol verməsin. Çünki müharibə şəraitində olan bir dövlətdə inkişaf dayanır, müxtəlif sosial sektorlara zərbə dəyir, müharibə cəmiyyətdə şok yaradır. Ancaq əgər biz görsək ki, bütün səylərimizə baxmayaraq Ermənistan danışıqlardan qaçır, müxtəlif bəhanələr gətirir, o zaman hərbi yoldan istifadə haqqımız var. Bununla belə,  qarşı tərəf , 7 rayonun azad edilməsi və Dağlıq Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsinə yanaşarsa, biz Qarabağ problemini muxtariyyət statusu çərçivəsində həll edə bilərik.

Azərbaycan son iki-üç ildə sürətli inkişaf tempini yaxalayıb. Azərbaycan gün keçdikcə regionda güclənir, dünya dövlətləri arasında etibarı artır. Hətta Ermənistanın Avropada və digər ölkələrdə güclü lobbisi olmasına baxmayaraq Dağlıq Qarabağ problemiylə bağlı ictimai rəyi dəyişdirə bilməyib. Bu gün xarici diplomatlar  da bizə deyirlər ki, siz nə qədər  iqtisadi baxımdan güclü olacaqsınız, bir o qədər  sizin imkanlarınız çox olacaq, sizin mövqeniz eşidiləcək. Azərbaycan o qədər geosiyasi maraqları özündə toplayıb ki, bu da ölkəyə geniş imkanlar yaradıb.

- AŞ-da Ermənistan işğalçı dövlət kimi tanınsa da, heç bir ciddi tədbir görülməyib. Eyni zamanda AŞPA-da Azərbaycandakı seçkilər və s. sosial problemlər daha çox müzakirə mövzusu olur, nəinki Ermənistandakı seçkilər. Bu seçkilərdə bir çox beynəlxalq təşkilatın müşahidəçilərininin iştirakına icazə verilməyib. Bundan əlavə, iyun ayında qondarma "Dağlıq Qarabağ Respublikasında" prezident seçkiləri olacaq və bununla bağlı beynəlxalq ictimaiyyətdə yetərli qədər məlumat var. Biz bunu erməni lobbisinin beynəlxalq təşkilatlarda təsirinin hiss edilməsiylə əlaqələndirə bilərikmi?

- Yox, mən zənn etmirəm ki, erməni lobbisi AŞ-dəki məsələlərə təsir göstərsin. Avropa Şurasının bütün sənədlərində, Qarabağ problemi Azərbaycanın lehinə əks olunub. Lakin çox təəssüflər olsun ki, AŞ-də müxtəlif ciddi münaqişələrlə bağlı güclü mexanizmlər yoxdur. Bununla yanaşı, AŞ  ATƏT-in Minsk qrupu çərçivəsində gedən danışıqları dəstəkləyir və problemin sülh yoluyla həllinin tərəfdarıdır. Daha çox insan hüquqlarının ciddi şəkildə pozulduğu ölkələr AŞ üzvlüyündən xaric edilə bilər, lakin iki üzv dövlət arasındaki hər hansı münaqişəyə görə bir tərəfin üzvlükdən xaric edilməsi AŞ-nın maraqlarına uyğun deyil. Buna baxmayaraq, Azərbaycanın Avropa Şurasındaki millət vəkili heyəti mütəmadi olaraq Qarabağ problemiylə bağlı məsələni qaldırır və bu problemi AŞ-nın gündəliyində saxlamağa çalışır. Eyni zamanda hal-hazırda Azərbaycan regionun güclü ölkəsi kimi AŞ-də nüfuzlu dövlətlərdən birinə çevrilib. Ermənistan isə lobbi sayəsində nə isə etmək istəyir, ancaq nail ola bilmir.

- Ümumiyyətlə AŞ ilə Azərbaycan arasındakı əməkdaşlıq hansı səviyyədədir və Azərbaycan və AŞ bu əməkdaşlığın genişləndirilməsinə necə baxır?

- Azərbaycan ilə AŞ arasında çox geniş əlaqələr var və hər iki tərəf də bu əməkdaşlığın davam və inkişaf etdirilməsini istəyir. Əsasən Dağlıq Qarabağ probleminin həlli yollarında da ikitərəfli əməkdaşlıq çox əhəmiyyətlidir.

Bu gün iki tərəf arasında olan əlaqələri müsbət qiymətləndirirəm. AŞ ilə Azərbaycan arasındakı əlaqələr günbəgün daha da möhkəmlənir və həm işgüzar, həm də şəxsi münasibətlər çərçivəsində çox yaxın əlaqələrimiz var.

AŞ Azərbaycanı gənc, inkişaf etməkdə olan demokratik üzv ölkə olaraq tanıyır və tərəflər arasında əməkdaşlığın inkişafına xüsusi diqqət ayırır. Azərbaycanın geo-strateji bir yerdə yerləşməsi də AŞ-nın diqqət mərkəzindədir. AŞ ilə Orta Asiya ölkələri arasında əlaqələrin yaradılması və inkişaf etdirilməsində, bu ölkələrlə aparılan enerji dialoqlarında Azərbaycan körpü rolunu oynayır.

Bundan əlavə, Azərbaycan AŞ-yə üzv olduqdan sonra ölkədə müxtəlif sahələrdə inkişaf getməsi və bir çox məsələylə bağlı yeni qanunlar qəbul edilməsini, islahatların aparılmasını müsbət hal olaraq qiymətləndirmək olar.

- AŞPA-nın yaz sessiyasında Azərbaycanda mətbuat azadlığı ilə bağlı məsələ qaldırılmışdı. May ayının 3-də isə AŞ-nin dünya Jurnalistlər günü münasibətiylə yaydığı açıqlamada Azərbaycan mətbuatına geniş yer verildi və Eynulla Fətullayevin həbsinə toxunuldu. Bununla bağlı fikirlərinizi öyrənmək istəyərdik...

- Bu məsələ,  həm yaz sessiyasında, həm də AŞ Nazirlər Komitəsinin iclasında qaldırılmışdı. Fikrimcə, mətbuat azadlığı hər bir cəmiyyətin inkişafı üçün əsas faktordur. Mətbuatda tənqidlərin olması lazımdır, lakin bu tənqidlər,  mətbuat etikası daxilində olmalıdır və təhqirə çevrilməməlidir. Lakin, çox təəssüf ki, ölkə mətbuatında insanların mənəviyyatına, dini fikirlərinə, hisslərinə toxunulan məqalələr, yalan xəbərlər dərc edilir. Bu cür jurnalist etikasına sığışmayan materialların yayılması eyni zamanda qarşı tərəfin hüquqlarının pozulmasıdır. Demokratik inkişaf çərçivəsində problemlərin işıqlandırılması normaldır, lakin insanların şəxsiyyətinə toxunan, böhtan xarakterli məqalələrə yol vermək olmaz. Əks halda bu cür yazıları, insan hüquqlarının pozulması kimi qiymətləndirmək olar. Hissləri təhqir olunmuş hər şəxsin bu cür yazılarla bağlı məhkəməyə müraciət etmək haqqı var.

Avropa ölkələrində də mətbuat azadlığı jurnalist etikası səviyyəsindədir. Avropa mətbuatında da ciddi tənqidlər olur, lakin bu tənqidlər əxlaq normaları çərçivəsində olur. Burada da insanların şəxsiyyətini təhqir edən yazıların müəllifləri məhkəməyə verilir.

Ümumiyyətlə, mətbuatla bağlı problemlərin aradan qaldırılması üçün jurnalistlərlə davamlı olaraq treninqlərin, təlim kurslarının, seminarların keçirilməsi məqsədə uyğundur.

- Avropadakı Azərbaycan diaspor təşkilatlarının fəaliyyətlərini necə qiymətləndirirsiniz?

- Avropadakı Azərbaycan diaspor təşkilatlarının ən böyük problemi bir məxrəcə gələ bilməmək və birgə fəaliyyət göstərməməkdir. Təbii ki, təşkilatlar arasında müxtəlif fərqliliklər ola bilər, lakin Azərbaycanın tanıdılmasında, Qarabağ probleminin dünya ictimaiyyətinə çatdırılmasında o cümlədən digər milli məsələlərdə birgə fəaliyyət göstərilməsi zəruridir. Diaspor fəaliyyətinin inkişafında xarici ölkələrdə təhsil alan azərbaycanlı gənclərin aktivliyinə toxunmaq istəyirəm. Azərbaycanla bağlı tədbirlərin keçirilməsində onların da üzərinə böyük yük düşür. Çünki onlar təhsil aldıqları ölkənin sosial həyatını yaxından tanıyır, gəncliyin verdiyi dinamikliklə çox işlər görə bilərlər. Bu mənada,  mən Azərbaycanlı Tələbələrin Avropa Forumunun (ATAF) fəaliyyətlərini xüsusiylə qeyd etmək istəyirəm. Dalbadal Avropa Parlamentində, Avropa Şurasında, Bundestagda yüksək səviyyəli forumların keçirilməsi, əlbəttə, təqdirə layiqdir. ATAF-ın qısa vaxt ərzində Avropanın digər ölkələrində də şöbələrinin açılması, onun Azərbaycanın tanıdılmasıyla bağlı  güclü struktura çevriləcəyindən xəbər verir. ATAF-ın digər Azərbaycan təşkilatlarıyla da əməkdaşlıq etməsini, birgə fəaliyyətə yönəlməsini yüksək qiymətləndirirəm.

- Fransanın yeni prezidenti Nikola Sarkozi "erməni soyqırımı"nı dəstəkləməsiylə  və Türkiyənin Avropa Birliyinə üzvlüyünə qarşı çıxmasıyla tanınır. Sarkozinin prezident seçilməsi Azərbaycan-Fransa, Fransa-Türkiyə əlaqələrinə mənfi təsir göstərə bilərmi?

- İlk növbədə bildirmək istəyirəm ki, Sarkozinin prezident seçilməsinə fransız xalqının seçimi olduğu üçün hörmətlə yanaşılmalıdır. İkitərəfli əlaqələrə gəlincə isə, hazırda bu barədə tam fikir söyləmək çətindir.

Sarkozinin erməni soyqırımını dəstəkləməsinə gəlincə isə, mən düşünürəm ki, Sarkozi Türkiyənin iqtisadi gücünü və təsirini nəzərə alacaq. Türkiyə Avropanın iqtisadiyyatı güclü olan 7-ci dövlətidir və Fransa ilə genis ticari və iqtisadi əlaqəsi var. Fransanın qondarma erməni soyqırımı üzərində durması iki dövlət arasındakı əlaqələrə zərbə vuracaq. Sarkozinin bu məsələylə bağlı təmkinli olacağını, Türkiyə və Azərbaycanla olan strateji əməkdaşlığın pozulmasına şərait yaratmayacağını düşünürəm. Fransa həm Türkiyəylə, həm də Azərbaycanla əməkdaşlığın davam etdirilməsi və genişləndirilməsində maraqlıdır.

Seçki kompaniyasında ortaya atılan bəzi populist fikirləri daha çox səs toplamaq və seçilmək üçün atılmış addım kimi də qiymətləndirmək olar.

Xəbər lenti

Xəbər lenti