...

Gürcüstandan çıxarılan rus hərbi texnikası Azərbaycan ərazisilə daşınır

Siyasət Materials 15 May 2007 12:57 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend E.Hüseynov/ Çərşənbə axşamı Rusiyanın Batumidəki (Gürcüstan) 12-ci hərbi bazasından hərbi texnika və silahla yüklü ilk eşalon yola salınıb. Eşalon dəmir yolu vasitəsi ilə Azərbaycandan keçərək Rusiyaya istiqamət alacaq. Bu barədə telefon vasitəsilə Azərbaycanın Gürcüstandakı səfirliyindən məlumat veriblər.

Eşalon 29 platforma və 6 vaqondan ibarətdir. Burada 44 MTLB artilleriya yedəkçəsi, 2 MTLBu, 2 Karkas-MTLB və 85 ədəd BMP (piyada hərbi maşını) yerləşir. Bundan əlavə, bazadan artilleriya qurğularına aid 3 ton 122 mm-lik silah-sursat, habelə 1 ton əmlak, ehtiyat hissələri və müxtəlif alətlər çıxarılır. Gözətçilərin sayı isə 11 nəfərdir.

Məlumat üçün bildirək ki, Gürcüstanda yerləşən 4 rus hərbi bazasının çıxarılması ilə bağlı saziş 1999-cu ildə ATƏT-in İstanbul sammitində imzalanıb. Rusiya ilə Gürcüstan arasında əldə olunan razılaşmaya əsasən, 2007-ci ilin sonunadək 62-ci, 2008-ci ildə isə 12-ci baza boşaldılmalıdır. Mayın əvvəlində Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Yuri Baluyevski bəyan edib ki, Rusiya Gürcüstandakı hərbi bazalarının çıxarılması prosesini artıq 2007-ci ildə yekunlaşdıracaq.

Qeyd edək ki, Gürcüstandan çıxarılan hərbi texnika həm Rusiyaya, həm də Gümridə (Ermənistan) yerləşən 102-ci rus hərbi bazasına daşınır. Avqustun sonunadək Rusiyanın Gürcüstandakı hərbi bazalarından Azərbaycan ərazisilə hərbi texnika yüklənmiş 14 eşalon çıxarılmalıdır. Daha 5 eşalon isə Ermənistana yollanacaq.

Hərbi texnikanın növbəti partiyası Azərbaycan ərazisilə mayın 17-də keçəcək. Bu dəfə Axalkalakidəki (Gürcüstan) hərbi bazanın silah və texnikası daşınacaq.

Xəbər lenti

Xəbər lenti