Azərbaycan, Bakı /müxbir Trend E.Hüseynov/ Gürcüstandakı iki hərbi bazadan eyni zamanda çıxarılan hərbi texnika Azərbaycan ərazisi vasitləsilə Rusiyaya çatdırılacaq.
Azərbaycanın Gürcüstandakı səfirliyindən bu gün telefon vasitəsilə verilən məlumata əsasən, texnika Axalkalaki şəhərində yerləşən 62 saylı və Batumidə yerləşən 12 saylı Rusiya hərbi bazasından çıxarılır.
Gürcüstandan dörd Rusiya hərbi bazasının çıxarılması barədə saziş 1999-cu ildə ATƏT-in İstanbulda keçrilən sammitində imzalanıb. Rusiya və Gürcüstan arasında sazişə uyğun olaraq 2007-ci ilin sonuna kimi 62 saylı, 2008-ci il ərzində isə 12 saylı Rusiya hərbi bazası bağlanmalıdır. Lakin mayın əvvəlində RF Silahlı Qüvvələr Baş Qərargahının rəisi Yuri Baluyevski bəyan edib ki, Rusiya Gürcüstan ərazisindən hərbi bazaların çıxarılmasını artıq 2007-ci ildə başa çatdıracaq.
Bir eşalonda birləşdirilmiş texnika Xaşuri dəmir yolu stansiyasından göndərilib. Eşalon əsasən avtonəqliyyat vasitələri (komanda-ştab maşınları), zirehli avtomobillər, hərbi sursatlar və əmlakın olduğu 33 vaqondan ibarətdir.
Avqustun sonuna qədər Gürcustanın Rusiya hərbi bazalarından Azərbaycan ərazisi vasitəsilə texnika və əmlakdan ibarət ümumilikdə 14 eşalon çıxarılacaq, daha 5 eşalon isə Ermənistana Gümridə olan 102-ci Rusiya hərbi bazasından göndəriləcək.
Mayda Batumidə (Gürcustan) 12 saylı Rusiya hərbi bazasından Azərbaycan ərazisi vasitəsilə silah və hərbi texnikadan ibarət 2 dəmir yolu eşalonu artıq çıxarılıb. Razılığa əsasən, Batumidən hərbi texnika partiyaları hər cümə axşamı çıxarılacaq.
Rusiyanın hərbi texnikası Azərbaycan vasitəsilə çıxarılır. Belə ki, bu, qoşunun çıxarılmasının təşkilini asanlaşdırır və RF Müdafiə Nazirliyinin xərclərini azaldır.
Müddət, müvəqqəti fəaliyyət barədə, eləcə də Rusiya hərbi bazalarının və Rusiya Qoşunlar Qrupunun Zaqafqazyada Gürcüstan ərazisində yerləşmiş hərbi obyektlərinin çıxarılması barədə Rusiya-Gürcüstan Sazişi 31 mart 2006-cı il tarixdə imzalanıb.