...

Azərbaycanda korrupsiya ilə bağlı 150 nəfər şəxs barəsində 66 cinayət işinin istintaqı yekunlaşıb

Siyasət Materials 31 May 2007 13:32 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi 2005-2006 və cari ilin müvafiq dövründə korrupsiya cinayətlərində ittiham olunmuş 150 nəfər şəxs barəsində 66 cinayət işinin istintaqını yekunlaşdırıb. Trend in məlumatına görə, bu barədə cümə axşamı baş prokuror Zakir Qaralov məlumat verib.

Qaralov bildirib ki, rüşvət alma, vəzifədən sui-istifadə, vəzifə səlahiyyətlərini aşma və digər cinayətlərə görə təqsirləndirilən müxtəlif vəzifəli şəxslər barəsindəki cinayət işləri baxılması üçün aidiyyatı üzrə məhkəmələrə göndərilib.

2005 və 2006-cı illərdə respublikanın hüquq-mühafizə orqanları tərəfindən korrupsiya cinayətlərinə görə 461 nəfər barəsində 258 cinayət işi baxılmaq üçün məhkəmələrə göndərilib.

Təbii qaz, elektrik enerjisi, sudan istifadə sahəsində yol verilmiş pozuntular, yığılmış kommunal xidmət haqlarının mənimsənilməsi halları ilə bağlı 11 cinayət işi başlanıb. Mövcud çatışmazlıqların aradan qaldırılması üçün "Azərenerji", "Azərsu", "Azəriqaz"a müvafiq təqdimatlar göndərilib.

Baş Prokurorluq və Ədliyyə Nazirliyi tərəfindən aparılan birgə əməliyyat tədbirləri nəticəsində məhkumların qanunsuz azadlığa buraxılması, cəza müddətindən qanunsuz azad edilməsi, rüşvət verilməklə məhkumlara imtiyazlı şərait yaradılması və digər çoxsaylı pozuntular aşkarlanıb. Penitensiar Xidmətin 72 əməkdaşı barəsində cinayət işi baxılması üçün məhkəməyə təqdim olunub və onlar məsuliyyətə cəlb olunublar.

Xəbər lenti

Xəbər lenti