...

Azərbaycanın baş prokuroru sabiq iqtisadi inkişaf nazirinin məhkəmə prosesində şahid qismində iştiraka hazır olduğunu bəyan edib (video)

Siyasət Materials 31 May 2007 16:00 (UTC +04:00)
Azərbaycanın baş prokuroru sabiq iqtisadi inkişaf nazirinin məhkəmə prosesində şahid qismində iştiraka hazır olduğunu bəyan edib (video)

Trend-i buradan izləyin

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbəliyeva/ Azərbaycanın baş prokuroru Zakir Qaralov cümə axşamı jurnalistlərə açıqlamasında sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin məhkəmə prosesində məhkəmənin qərarı ilə ifadə verməyə hazır olduğunu bəyan edib. Onun sözlərinə görə, qanun qarşısında hər kəs, o cümlədən baş prokuror da bərabərdir.

"Məhkəmənin qərarı olduğu halda, şahid qismində məhkəmədə iştirak edə bilərəm" - deyə baş prokuror əlavə edib.

Baş prokuror Əliyevin məhkəmədə istintaq orqanlarının ondan 100 min dollar rüşvət istəməsi barədə ittihamına şərh vermək istəməyib və bu cür açıqlamaların məhkəmə prosesinə mənfi təsir göstərdiyini deyib. Qaralov hesab edir ki, Əliyevin vəkilləri və onu müdafiə edən şəxslər məhkəmədən kənar hər hansı qanunsuz çıxış etməməlidir.

Əliyevin vəkilləri dünən məhkəmə prosesində baş prokuror və bəzi nazirlərin şahid qismində məhkəməyə çağrılmasına dair vəsatət qaldırıblar.

Sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev, qardaşı, "Azpetrol" Şirkətlər Qrupunun sabiq prezidenti Rafiq Əliyev barəsindəki cinayət işinə baxılması üçün məhkəmə prosesi Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə mayın 15-dən başlayıb. İş üzrə 19 nəfər təqsirləndirilən qismində tanınıb. Əliyevə Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mənimsəmə və ya israf etmə), 192.1, 192.2 (qanunsuz sahibkarlıq), 206.4 (qaçaqmalçılıq), 213.4 (vergi ödəməkdən yayınma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1, 311.2, 311.3.3 (rüşvət alma), 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub.

Xəbər lenti

Xəbər lenti