Azərbaycan, Bakı /müxbir Trend E.Hüseynov, A.İsmayılova/ Xəzəryanı ölkələrin XİN rəhbərlərinin iyunun 20-də Tehrandakı növbəti iclasında Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi problemi diqqət mərkəzində olacaq. Bu barədə bazar ertəsi Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov məlumat verib.
SSRİ-nin süqutundan sonra 5 Xəzəryanı ölkə (Rusiya, Qazaxıstan, Türkmənistan, Azərbaycan və İran) Xəzərin statusunun müəyyənləşdirilməsi məqsədilə müzakirələr aparır. Qazaxıstan, Rusiya və Azərbaycanın mövqelərində fikir ayrılığı yoxdur. Onlar arasında bu məsələ üzrə həm ikitərəfli, həm də üçtərəfli saziş imzalanıb. Tərəflər həmçinin orta ayrıcı xəttin koordinatlarının müəyyənləşdirilməsi üzrə vahid fikrə gəlib, lakin bu məsələ ilə bağlı Türkmənistan və İranla saziş əldə olunmayıb.
Tehran iclasında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov iştirak edəcək. Tehran görüşünə həmçinin Xəzərin statusunun müəyyənləşdirilməsi üzrə işçi qrupunun iclasına rəhbərlik edən xarici işlər nazirlərinin müavinləri toplaşacaq, deyə Xələfov məlumat verib. Xəzərin statusunun müəyyənləşdirilməsi üzrə işçi qrupun sonuncu - 21-ci iclası 23-24 aprel tarixdə Aşqabadda baş tutub. İclasda Xəzər dənizinin statusunun müəyyənləşdirilməsi üzrə Konvensiya layihəsinin bəndləri müzakirə olunub. Müzakirə olunmuş məsələlər arasında həmçinin Tehranda ikinci Xəzəryanı sammitin keçirilməsi də olub. Birinci sammit 2002-ci ildə Aşqabadda baş tutub.
"Xəzərin bölüşdürülməsi üzrə bizim beynəlxalq prinsiplərə əsaslanan metodologiyamıza əsasən, İran sahəsi ümumi su hövzəsinin 20,4 faizini təşkil etməlidir və biz bu mövqenin tərəfdarıyıq". Bu barədə jurnalistlərə dəfələrlə İran prezidentinin Xəzər dənizi üzrə xüsusi nümayəndəsi Mehti Səfəri bəyan edib. Xəzər üzrə İranın qonşuları isə İran sahəsinin SSRİ vaxtında mövcud olmuş Astara-Həsən Qulu xətti üzrə və təxminən su hövzəsinin 14 faizini təşkil etmiş sahənin saxlanılmasını məqsədyönlü hesab edir.
"İran RF və Azərbaycanın Xəzərin təxminən 19 faiz, Qazaxıstanın 29 faiz pay reallığını qəbul etməlidir. Dörd Xəzəryanı ölkə orta xətt üzrə razılığa gəlib və İran variantı üzrə məsələni həll etmək gecdir. Eyni zamanda bu, onun qonşularının sahələrinin itirilməsinə səbəb olacaq". Bu barədə jurnalistlərə öncə RF-nin Xəzər dənizi üzrə xüsusi nümayəndəsi Viktor Kalyujnı bildirib.