Azərbaycan, Bakı /müx. Trend S.Ağayeva, S.İlhamqızı/ Rusiya prezidenti Vladimir Putinin "G8" sammiti çərçivəsində amerikalı həmkarı Corc Buşa Qəbələ Radiolokasiya Stansiyasının birgə istifadəsi ilə bağlı təklifi ABŞ-ı razı sala bilməz. Belə bir fikri cümə günü Azərbaycanın müstəqil politoloqu Vəfa Quluzadə ifadə edib.
"ABŞ Avropada PƏM sistemini Rusiyanı nəzarətdə saxlamaq üçün qurmaq istəyir. Onları nə İran, nə də Şimali Koreya maraqlandırmır, çünki bu ölkələr çoxdan ABŞ tərəfdən öyrənilib. Öz hərbi gücünü bərpa etməyi istəyən Rusiyaya gəldikdə isə, bu, ABŞ üçün sualdır" deyən politoloqun fikrincə, Putinin ağıllı gedişi heç bir nəticə verməyəcək.
Quluzadə həmçinin Azərbaycanın siyasi dairələrində ölkənin bu məsələdən dividendlər qazanacağı barədə düşüncələri bölüşmür. Əksinə, o hesab edir ki, Azərbaycan Rusiyaya verdiyi razılıqla ABŞ-ı qıcıqlandıracaq.
Digər tərəfdən, politoloq düşünür ki, səs-küylü bəyanatlara ehtiyac yoxdur. "ABŞ-la Rusiya istəsələr, Qəbələ RLS-də istədikləri qədər əməkdaşlıq edə bilərlər və amerikalı mütəxəssislər rus geyimlərində və sənədlərlə bura gəlib-gedə bilərlər. Faktiki olaraq bu, Rusiyanın Azərbaycandakı kiçik bazasıdır və belə baxanda biz ona nəzarət etmirik" - deyə Quluzadə vurğulayıb.
"Əgər ABŞ Rusiya ilə Qəbələdə əməkdaşlığa razılıq versə, özünü Rusiya müdafiə nazirliyinin nəzarətinə salacaq. Bunu isə amerikalılar heç vaxt etməyəcəklər" -deyə politoloq fikrini tamamlayıb.
Rusiyanın Azərbaycandakı Qəbələ RLS-dən ABŞ-la birgə istifadə etməsi Azərbaycan üçün çox əhəmiyyətli və əlverişli olardı. Bu barədə isə politoloq Rasim Musabəyov açıqlama verib.
Politoloq Musabəyov hesab edir ki, bu təklif bir qədər kəşfiyyat xarakteri daşıyır: "Çünki Rusiya bununla müəyyən etmək istəyir ki, ABŞ-ın raket əleyhinə planları həm də ona qarşı yönəlib, yoxsa yox. Əgər Rusiya ilə ABŞ arasında RLS-lə bağlı razılığa gəlinsə, bu, siyasətdə böyük dəyişikliklər yarada bilər. Azərbaycanın isə bu işdə strateji əhəmiyyəti bir qədər də artacaq"-deyə politoloq qeyd edib.
Musabəyov hesab edir ki, ABŞ Qəbələ RLS-də Rusiyanın partnyoru olacaqsa, o zaman rəsmi Moskva bir sıra dövlətlərin raket-nüvə proqramlarını dəstəkləməkdən vaz keçməlidir. Həmçinin bu proqramlarını həyata keçirən narahat rejimlərə qarşı sanksiyaların tətbiq edilməsində Rusiyanın da iştirakı qaçılmaz olacaq.
"Bu, həm də Rusiyanın Avropa ilə əməkdaşlığı demək olacaq. Əgər ABŞ Rusiyanın mövqeyini Qərbə doğru yönəldə bilsə, ola bilər ki, Amerika Polşada, Çexiyada raket əleyhinə müdafiə sisteminin quraşdırılması planlarını təxirə salsın"-deyə politoloq qeyd edib.