Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Cənubi Qafqaz Parlament Təşəbbüs Qrupunun növbəti toplantısı iyulda Böyük Britaniyanın paytaxtı Londonda keçiriləcək. Bu barədə çərşənbə günü Bakıda hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, Azərbaycanın Cənubi Qafqaz Parlament Təşəbbüs Qrupundakı nümayəndə heyətinin rəhbəri, deputat Siyavuş Novruzov məlumat verib.
Onun sözlərinə görə, Ermənistanda keçirilən parlament seçkiləri ilə əlaqədar olaraq Cənubi Qafqaz Parlament Təşəbbüs Qrupu çərçivəsində keçirilən görüşlər müvəqqəti dayandırılıb: "Ermənistanda parlament seçkiləri başa çatdığına görə görüşləri bərpa etməyi planlaşdırırıq. Londonda keçiriləcək görüşdə gələcəkdə hansı məsələlərin müzakirə olunması məsələsi dəqiqləşdiriləcək".
Növruzov qeyd edib ki, iyul ayında Azərbaycanın quruma sədrliyi bir il müddətinə artırılacaq. Çünki Azərbaycanın sədrliyi dövründə Ermənistanda keçirilən parlament seçkilərinə görə Cənubi Qafqaz Parlament Təşəbbüs Qrupunun fəaliyyəti dondurulub: "Əsas sədrlik yeni mandatlar təsdiq olunduqdan sonra başlayacaq".
Cənubi Qafqaz Parlament Təşəbbüs Qrupu Böyük Britaniyanın LİNKS qeyri-hökumət təşkilatının təşəbbüsü ilə təsis olunub. Qurumda Cənubi Qafqazın hər üç ölkəsi - Azərbaycan, Gürcüstan və Ermənistanı təmsil edən deputatlar təmsil olunurlar (hər bir ölkədən on deputat). Bu ilin yanvarından etibarən Cənubi Qafqaz Parlament Təşəbbüs Qrupuna Azərbaycan sədrlik edir.