...

Ermənistan XİN başçısı Putinin Qəbələ RLS-in ABŞ-la birgə istifadəsinə dair təklifini gözlənilən və maraqlı kimi dəyərləndirib

Siyasət Materials 14 İyun 2007 14:42 (UTC +04:00)

Ermənistan XİN başçısı Vardan Oskanyan Vladimir Putinin Azərbaycandakı Qəbələ RLS-in ABŞ-la birgə istifadəsinə dair təklifini gözlənilən və maraqlı kimi dəyərləndirib.

"Məni Putinin bəyanatı təəccübləndirmədi. Bu bəyanat gözlənilən və maraqlı idi. Bu, böyük siyasətin tərkib hissəsidir. Ermənistana gəldikdə isə təhlükəsizlik baxımından narahatçılığa əsasımız yoxdur. Söhbət raketlərin yerləşdirilməsindən yox, sadəcə radarın istifadəsindən gedir" - deyə Oskanyan bildirib.

Diplomat bəyan edib ki, Putinin təklifi ABŞ tərəfindən Çexiya və Polşadakı PRO sisteminin yerləşdirilməsi proqramının əvəzlənməsi kimi yox, əlavəsi kimi nəzərdən keçirilir.

"Əgər bu, əlavə olsa, çətin ki, Rusiya bu addıma getsin" - deyə o vurğulayıb.

"Novosti-Armeniya" agentliyinə görə, Oskanyan eyni zamanda qeyd edib ki, Ermənistan "sakit oturmur", problemi öyrənir.

"Biz məsləhətləşmələr aparırıq və bu təklifin nəyi nəzərdə tutduğunu daha artıq bilmək istəyirik. Səfirlərə müvafiq tapşırıqlar verilir, görüşlər keçirilir, özüm də mövzu ilə bağlı müzakirələr aparıram. Bu proseslərin Ermənistana təhlükə törədə biləcəyini hiss edəndə öz fikrimizi bildirəcəyik" - deyə Oskanyan bildirib.

Prezident Putin iyunun 7-də Almaniyada "G8" sammitinin yekunlarına dair brifinqdə ABŞ prezidentinə PRO probleminin həlli kimi Rusiyanın Azərbaycanda icarəyə götürdüyü RLS-in birgə istifadəsini təklif edib.

Putin qeyd edib ki, Rusiya ilə ABŞ-ın Qəbələ RLS-dən birgə istifadə etməsi Rusiyanın raket komplekslərinin Avropa sərhədləri yaxınlığında yerlşədirilməsi zəruriliyini aradan qaldıracaq. ABŞ-ın isə PRO elementlərini Avropa və kosmosda yerləşdirməyə ehtiyacı olmayacaq.

Rusiya prezidenti bildirib ki, raketəleyhinə kompleksləri hərbi gəmilərdə Mobil platformalar üzərində, yaxud da İraq və Türkiyə ərazisində yerləşdirmək olar.

Öz növbəsində Buş qeyd edib ki, Rusiya ilə ABŞ hərbçilər və diplomatların iştirakı ilə raketəleyhinə müdafiə problemi üzrə strateji dialoq keçirməyi razılaşdırıblar.

Xəbər lenti

Xəbər lenti