Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Milli Məclisin şənbə günü keçirilən növbədən kənar iclasında Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı bildirib ki, Azərbaycan dövləti Ermənistan tərəfindən işğal olunan torpaqlarının azad olunması üçün müharibəyə başlamalıdır. Ağamalı qeyd edib ki, Azərbaycan cəmiyyəti Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Azərbaycan və Ermənistan arasında aparılan danışıqlara, xüsusən də Sankt-Peterburqda keçirilən sonuncu görüşə böyük ümidlərlə baxırdı və danışıqlardan ciddi gözləntilər var idi. Lakin Ermənistanın qeyri-konstruktiv mövqeyi nəticəsində danışıqlar heç bir nəticə vermədi. "Buna görə də Azərbaycan dövləti və cəmiyyəti müharibəyə hazırlaşmalıdır. Torpaqlarımız müharibə you ilə azad olunmalıdır" - deyə millət vəkili bildirib.
O vurğulayıb ki, 2007-ci ilin dövlət büdcəsi artırılan zaman hərbi sahəyə xüsusi diqqət ayrılıb, ordunun gücləndirilməsi istiqamətində işlər sürətləndirilməlidir və Azərbaycan müharibəyə başlamalıdır. Ağamalı spiker Oqtay Əsədovdan xahiş edib ki, onun bu təklifini müvafiq instansiyalara çatdırsın və bu təklif müzakirə edilsin.
"Müsavat" deputat qrupunun üzvü Pənah Hüseyn d bildirib ki, Dağlıq Qarabağ münaqişəsi yalnız müharibə yolu ilə həll oluna bilər və Azərbaycan dövləti bu istiqamətdə addımlar atmalıdır. Hüseyn vurğulayıb ki, onun açıqladığı bu mövqe bütövlükdə müxalifətin mövqeyini əks etdirir: "Müxalifət düşərgəsi Dağlıq Qarabağ münaqişəsinin həlli üçün hakimiyyətlə istənilən əməkdaşlığa və işbirliyinə hazırdır. Bir neçə gün bundan öncə keçirilən forumda bununla bağlı müvafiq qərar qəbul edilib".
Deputat qeyd edib ki, müxalifətin fikrincə, Dağlıq Qarabağın statusu ilə bağlı referendumun keçirilməsi ideyası qəti şəkildə rədd edilməlidir.