...

Türkiyədə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı XİN başçılarının görüşü başlayıb

Siyasət Materials 25 İyun 2007 13:10 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend K.Ramazanova/ Türkiyədə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı XİN başçılarının görüşü başlayıb. Bu barədə İstanbuldan Azərbaycanın Türkiyədəki səfiri Zakir Həşimov məlumat verib.

Görüşdə Azərbaycan XİN başçısı Elmar Məmmədyarov, habelə Albaniya, Ermənistan, Bolqarıstan, Yunanıstan, Gürcüstan, Moldova, Rusiya, Rumıniya, Serbiya, Türkiyə, Ukrayna xarici siyasət idarələri rəhbərləri iştirak edir. Nazirlər sammitin yekun bəyannaməsini razılaşdıracaqlar.

Bu gün Bakı vaxtı ilə 18.00-da Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının sammitinin keçiriləcəyi planlaşdırılır. Sammitdə iştirak etmək üçün Azərbaycan prezidenti İlham Əliyev Türkiyəyə yola düşüb. Tədbirdə həmçinin Rusiya prezidenti Vladimir Putin və quruma üzv digər dövlət rəhbərləri iştirak edəcək.

Sammitdə Ermənistanı xarici işlər naziri Vardan Oskanyan təmsil edəcək.

Sammitdə təşkilata üzv dövlətlərin energetika, ticarət, nəqliyyat, ətraf mühitin qorunması və mütəşəkkil cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlığı müzakirə olunacaq. Tədbirdə BMT, ATƏT, Avropa Birliyi, Ümumdünya Ticarət Təşkilatı, Dünya Bankı nümayəndələrinin iştirakı gözlənilir.

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Türkiyənin təşəbbüsü ilə yaradılıb. Məqsəd Qara dəniz ətrafı ölkələrin ticarət və iqtisadi inkişaf, nəqliyyat, telekommunikasiya, turizm və ekologiya kimi sahələrdə çoxtərəfli əməkdaşlığına nail olmaqdır.

Qurumda müşahidəçi statusuna Avstriya, Belarus, Almaniya, Misir, İsrail, İtaliya, Polşa, Slovakiya, ABŞ, Xorvatiya, Tunis, Fransa, Çexiya malikdir.

Xəbər lenti

Xəbər lenti