...

ANAMA Ağstafada 1446 partladılmamış hərbi sursat aşkarlayıb

Siyasət Materials 2 İyul 2007 15:25 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ NATO-nun Maddi-Texniki və Təchizat Agentliyinin (NAMSA) Baş meneceri Karl Münznerin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir. Onların bazar ertəsi Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) direktoru Nazim İsmayılovla görüşündə Azərbaycan-NATO əməkdaşlıq çərçivəsində hökumət üçün prioritet olan Saloğlu layihəsi barədə geniş müzakirələr aparılıb.

Ağstafa rayonunun Saloğlu kəndində 1991-ci ilin avqustunda baş vermiş yanğın və onu müşayiət edən dörd günlük partlayışlara qədər burada Sovet Ordusunun Zaqafqaziyadakı ən böyük hərbi sursatı yerləşib. Partlayış nəticəsində 138 saxlama yeri olan ambarın ərazisinə və ətraf əraziyə külli miqdarda partlamamış hərbi sursat (PHS) səpələnib. Ötən ilin əvvəllərindən həmin ərazinin sursat ambarlarından və partlayıcı maddələrdən təmizlənməsi işlərinə başlanılıb.Bu il iyunun 1-nə qədər 5 457 309 kvadratmetr ərazi təmizlənib və 261 435 PHS tapılıb. Bunlardan 75 164 PHS zərərsizləşdirilib. Bununla da layihənin I fazası başa çatıb. İyunun 1-dən isi layihənin II fazasına başlanılıb və 16 ay davam edəcək. Bu müddətdə yeraltı təmizləmə əməliyyatları aparılacaq. II faza başlayandan bir ay müddətində 2 204 409 kvm çirklənmiş ərazidən 101 575 kvm ərazi təmizlənib və 1446 PHS (bunların tərkibində ağ fosfor olan 6 sursat) tapılıb.

Ağstafa paytaxt Bakıdan 450 kilometr qərbdə yerləşir.

Xəbər lenti

Xəbər lenti