...

Azərbaycanda "Rüşvətxorluğa qarşı vətəndaş nəzarəti Şurası"nın sədri həbs olunub

Siyasət Materials 18 İyul 2007 13:39 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ Baş Prokurorluq vətəndaşlardan daxil olmuş müraciətlər əsasında özlərini "Rüşvətxorluğa və başqa neqativ hallara qarşı vətəndaş (xalq) nəzarəti Şurası"nın üzvləri kimi təqdim edən ayrı-ayrı şəxlərin qanunsuz hərəkətləri barədə araşdırma aparıb. Baş Prokurorluqdan çərşənbə günü Trend ə bildirilib ki, araşdırma zamanı Ədliyyə Nazirliyi tərəfindən qeydiyyatdan keçməyən və fəaliyyətinə icazə verilməyən "Rüşvətxorluğa və başqa neqativ hallara qarşı vətəndaş (xalq) nəzarəti Şurası" adlı təşkilatın çoxsaylı qanunsuzluqları aşkarlanıb. Təşkilatın təsisçisi və sədri Şahin Mahmudov bu ilin yanvar-iyun ayları ərzində respublikanın rayon və şəhərlərində yaratmış olduğu nümayəndəlikləri əməkdaşlarına nəzarət funksiyalarını həyata keçirən dövlət orqanlarının vəzifəli şəxslərinin səlahiyyətlərini mənimsəyərək, müxtəlif təşkilatlarda yoxlamalar aparılması barədə qanunsuz əmr və göstərişlər verib. Mahmudovun qanunsuz sərəncamları əsasında formalaşdırdığı və ştat tərkibi nümayəndəliyin rəhbəri, müavini, baş nəzarətçi və nəzarətçilərdən ibarət olan Ağcəbədi, Qaradağ, Tərtər və digər rayon nümayəndəliklərinin əməkdaşları vəzifəli şəxsin səlahiyyətlətrini mənimsəyərək ayrı-ayrı hüquqi və fiziki şəxslər barəsində qanunsuz araşdırmalar apararaq, onların hüquq və qanuni mənafelərini əhəmiyyətli dərəcədə pozublar. Qeyd olunanlara əsasən toplanmış material üzrə Baş Prokurorluq tərəfindən 03 iyul 2007-ci il tarixdə "Rüşvətxorluğa və başqa neqativ hallara qarşı vətəndaş (xalq) nəzarəti Şurası"nın əməkdaşları barəsində fiziki və ya hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan, vəzifəli şəxslərin səlahiyyətlərini özbaşına mənimsənilməsi faktı üzrə Cinayət Məcəlləsinin 310-cu maddəsi ilə cinayət işi başlanılıb və cinayət işinin istintaqı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə tapşırılıb. Qanunsuz qurumun təsisçisi və sədri Mahmudov Şahin Maqsud oğlu törətdiyi cinayət əməlinə ğörə, Cinayət Məcəlləsinin 310-cu maddəsi ilə təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilərək barəsində Nəsimi Rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.

Xəbər lenti

Xəbər lenti