...

Rusiyalı politoloq: "Rusiya-Britaniya əlaqələrinin mürəkkəbləşməsi iqtisadiyyata təsir etməyəcək"

Siyasət Materials 18 İyul 2007 15:08 (UTC +04:00)

Rusiya, Moskva/ Trend müxbir R.Ağayev/ Rusiya-Britaniya əlaqələrinin mürəkkəbləşməsi qarşılıqlı, həmçinin MDB ölkələri ilə iqtisadi əlaqələrə təsir etməyəcək. Bu fikri Rusiyanın məşhur politoloqu, RF İctimai Palatasının üzvü, Siayasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov bildirib.

Bazar ertəsi Böyük Britaniya Londonda RF səfirliyində çalışan dörd rus diplomatının ölkədən çıxarılacağını elan etdi. Bu cür bəyanatla Böyük Britaniyanın xarici işlər naziri Devid Milibend çıxış edib. O qeyd edib ki, bu cür hərəkət Rusiyanın biznesmen A.Luqovun A.Litvinenkonun ölümü işində əsas şübhəli bilinən şəxsin Böyük Britaniyaya verilməsindən imtina etməsinə birbaşa cavabdır. "Hökumət bu cür gərgin vəziyyəti alqışlamır və bundan qaçmağa cəhd göstərib. Amm bizim bunu etməkdən başqa seçimimiz yoxdur" - deyə qəbul olunan qərarı şərh edərkən Milibend bildirib.

Markov hesab edir ki, Rusiya-Britaniya əlaqələrində bir neçə münaqişə var. Onun fikrincə, bu münaqişələrdən biri Rusiyanın statusu ilə bağlıdır. "Məsələ ondadır ki, Rusiya bəyan edir ki, o, 90-cı illər böhranının öhdəsindən gəlib və böyük dövlət statusuna qayıdır" - deyə politoloq hesab edir.

Siyasi Araşdırmalar İnstitutunun direktoru Britaniya xarici işlər nazirinin: "Biz onun üzərində işləyirik ki, Rusiya Konstitusiyasına Luqovun verilməsinə imkan verən dəyişiklikləri etsin" sözlərindən təəssüf və qəzəbini ifadə edib. Markovun sözlərinə görə, bu cəfəngiyat və uyğunsuzluqdur. "Bunu necə təsəvvür etmək olar ki, Rusiya cinayətkarın verilməsi üçün Konstitusiyasına dəyişiklik edir?" - deyə rus politoloq sual verir.

Beləliklə Markov bildirir ki, Britaniya Rusiyaya "ikinci növ" ölkə kimi baxır ki, bu da 90-cı illərin qlıqlarıdır. "Daha bir məsələ, Litvinenko məsələsi də var. Mən hesab edirəm ki, bu, bəzi siyasi qüvvələr tərəfindən Rusiyada siyasi stabilliyi pozmağa və hakimiyyətin sakit şəkildə ötürülməsinə mane olmağa yönəlmiş cəhdlərdir. Və hər şey bunun ətrafında dövr edir. Britaniya XİN rəhbərinin bəyanatı elə bir formada edilib ki, sanki onu piarçı Berezovski yazıb" - deyə politoloq hesab edir.

2007-ci il may ayının 28-də Böyük Britaniya Rusiyadan Luqovun ekstradisiyasını tələb edib. Litvinenkonun 2006-cı ilin payızında zəhərlənməsini araşdıran Britaniya təhqiqatçıları hesab edirlər ki, Luqovun əleyhinə kifayət qədər faktlar mövcuddur və iş məhkəməyə verilə bilər.

Litvinenko 2006-cı il 23 noyabrında ölümcül dozada radioaktiv maddənin təsirindən zahərlənmə nəticəsində ölüb.

Xəbər lenti

Xəbər lenti