...

Müsavat Partiyası sentyabrda etiraz aksiyaları keçirməyə başlayacaq

Siyasət Materials 7 Avqust 2007 14:53 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Müsavat Partiyası sentyabr ayında kütləvi etiraz aksiyaları keçirməyə başlayacaq. Bu barədə çərşənbə axşamı Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı məlumat verib.

Hacılı qeyd edib ki, yaxın vaxtlarda kütləvi aksiyaların keçirilməsi ilə bağlı müzakirələrə başlayacaqlar və konkret qərarlar qəbul olunacaq.

O, Müsavat Partiyasının 2007-ci ilin yanvarından etibarən keçirdiyi mitinqlərdə fasilə yaranmasını jurnalistlərin kütləvi aksiyalar keçirmək istəmələri ilə izah edib: "Ötən aylarda jurnalistlər mətbuatın vəziyyəti ilə bağlı etiraz aksiyaları keçirməyi planlaşdırırdılar. Həmin vaxt belə bir fikir var idi ki, demokratik düşərgənin bütün qüvvələri həmin aksiyalarda iştirak etsinlər. Müsavat Partiyasının ayrıca mitinq keçirməsi bu prosesə mane kimi qiymətləndirilə bilərdi. Ona görə də keçirdiyimiz aksiyalarda fasilə yaranıb. Bunun başqa bir səbəbi yoxdur".

Hacılı vurğulayıb ki, Müsavatın hansı tələblərlə aksiyalar keçirəcəyi müzakirələrdən sonra müəyyənləşdiriləcək: "Çox guman ki, növbəti aksiyalarda daha çox siyasi məsələlərlə bağlı şüarlar səsləndiriləcək. Çünki qarşıdan prezident seçkiləri gəlir. Bura Seçki Məcəlləsinin dəyişdirilməsi, seçki komissiyalarının yenidən formalaşdırılması, siyasi məhbusların azadlığa buraxılması və digər problemlər daxildir".

Onun sözlərinə görə, Müsavat digər müxalifət partiyaları ilə birgə aksiyaların keçirilməsi üçün müzakirələr aparmağa hazırdır.

Qeyd edək ki, müxalifəti təmsil edən sağ-mərkəzçi Müsavat Partiyası 20-ci əsrin əvvəllərində yaradılıb və 1992-ci ildə yenidən bərpa olunub. Partiyanın başqanı İsa Qəmbər Azərbaycan parlamentinin eks-spikeri (1992-93-cü illərdə) və 2003-cü ildə keçirilmiş prezident seçkilərində prezidentliyə namizəd olub. Müsavat Partiyası Milli Məclisdə 5 deputatla təmsil olunur.

Xəbər lenti

Xəbər lenti