...

İran prezidentinin Azərbaycana səfəri çərçivəsində energetika və nəqliyyat sahəsində yeni sənədlər imzalanacaq

Siyasət Materials 18 Avqust 2007 14:53 (UTC +04:00)
İran prezidentinin Azərbaycana səfəri çərçivəsində energetika və nəqliyyat sahəsində yeni sənədlər imzalanacaq

Azərbaycan, Bakı/ Trend müxbir S.Ağayeva/ Azərbaycan və İran hökumətləri energetika və nəqliyyat sahəsində əməkdaşlıq üzrə yeni müqavilələr imzalayacaq. Sənədlər İran İslam Respublikasının prezidenti Mahmud Əhmədinejadın Azərbaycana rəsmi səfəri zamanı imzalanacaq. Bu barədə şənbə günü İranın Azərbaycandakı səfirliyinin mətbuat katibi Məcid Feyzullahi bildirib.

İran prezidenti Azərbaycanlı həmkarının dəvəti ilə avqust ayının sonunda Azərbaycana rəsmi səfər etməyi planlaşdırır. Mətbuat katibi bildirib ki, səfərin dəqiq tarixi İranın Azərbaycandakı səfirliyi tərəfindən bu günlərdə dəqiqləşdiriləcək.

Feyzullahi bildirib ki, İran prezidentinin səfəri zamanı imzalanacaq sənədlərin layihələri İran hökumətinin nümayəndə heyətinin Azərbayacana indiki səfəri çərçivəsində iki ölkənin ekspertləri tərəfindən müzakirə olunur.

İran və Azərbaycan arasında indiyə qədər bütün əməkdaşlıq sahələrini, həmçinin ticari-iqtisadi, gömrük, kənd təsərrüfatı, elm, təhsil, səhiyyə, hərbi əməkdaşlıq və digər sahələri əhatə edən kifayət qədər sənəd imzalanıb.

"Qarşıdakı səfər zamanı iki ölkə yalnız bir neçə sənəd imzalayacaq", - deyə diplomat bildirib.

Əhmədinejad səfəri çərçivəsində ola bilsin ki Bakı ilə yanaşı Azərbaycanın regionlarına da səfər edəcək. Feyzullahi bildirib ki, bu məsələyə hazırda iki ölkənin protokol idarələrinin administrasiya rəhbərləri tərəfindən baxılır.

Xəbər lenti

Xəbər lenti