...

İranın Bakıdakı səfirliyi qarşısında etiraz aksiyası dağıdılıb (video)

Siyasət Materials 22 Avqust 2007 12:43 (UTC +04:00)
İranın Bakıdakı səfirliyi qarşısında etiraz aksiyası dağıdılıb (video)

Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ Dünya Azərbaycanlıları Konqresi və Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) bir qrup üzvü çərşənbə günü İran İslam Respublikasının Bakıdakı səfirliyinin qarşısında etiraz aksiyası keçirməyə cəhd göstəriblər.

Onlar İran prezidenti Mahmud Əhmədinejadın Azərbaycana rəsmi səfərinə etiraz edirlər.

Saat 12.00 radələrində piketçilər İran səfirliyinə doğru hərəkət etməyə cəhd göstəriblər. Lakin Çevik Polis Alayının əməkdaşları səfirliyin yaxınlığında aksiyaçıların qarşısını kəsərək onların piket keçirməsinə imkan verməyiblər. Bir neçə nəfər aksiyaçı polislər tərəfindən saxlanılaraq polis bölməsinə aparılıb.

Polis əməkdaşları həmçinin jurnalistlərin də İran səfirliyinin yaxınlığında dayanmasına, çəkiliş aparmasına imkan verməyiblər.

Etiraz aksiyasına cəhd göstərən təşkilatlar hesab edir ki, Əhmədinejadın Azərbaycana gəlişi mənəviyyata və əxlaqa sığmır.

Qeyri-rəsmi məlumatlara görə, İranda 35 milyon azərbaycanlı yaşayır. Azərbaycanın bir sıra siyasi partiyaları, ictimai təşkilatları öz fəaliyyətlərində Güney Azərbaycana yer ayırır, orada insan haqlarının pozulmasına görə İran hakimiyyətini tənqid edirlər.

Xəbər lenti

Xəbər lenti