...

Azərbaycanın solçu partiyasının qurultayında prezidentliyə namizəd müəyyənləşdiriləcək

Siyasət Materials 28 Avqust 2007 13:32 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə /Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) növbəti qurultayı 2008-ci ilin yaz-yay aylarında keçiriləcək və toplantıda prezident seçkilərində iştirak etməklə bağlı qərar qəbul olunacaq, partiyanın namizədi müəyyənləşdiriləcək. Bu barədə çərşənbə axşamı Bakıda müxalifətyönlü solçu partiya olan Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) həmsədri Araz Əlizadə bildirib.

ASDP prezident seçkilərində partiyanın digər həmsədri, Rusiya paytaxtı Moskvada mühacirətdə olan Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibovun namizədliyini irəli sürmək istəyir. Lakin Mütəllibovun ölkəyə qayıda bilməməsi bu məsələdə problem yaradıb.

Həmsədr bildirib ki, əgər partiyanın qurultayına qədər Mütəllibov ölkəyə qayıda bilsə, ASDP onun namizədliyini irəli sürəcək.

"Mütəllibov qayıda bilməsə, ASDP-nin başqa bir namizədi olacaq" - deyə Əlizadə bildirib.

Həmsədr namizədin kim olacağını açqlamayıb.

ASDP-nin qurultayında partiyanın rəhbər orqanlarına seçkilər keçiriləcək.

Müxalifətyönlü sol partiya olan ASDP 1991-ci ildə yaradılıb. İlk illərdə partiyaya Araz və Zərdüşt Əlizadə qardaşları rəhbərlik edib. 2001-ci ildə Zərdüşt Əlizadə ASDP-dən uzaqlaşıb. 2003-cü ildən partiyaya Ayaz Mütəllibov və Araz Əlizadə rəhbərlik edir. Mütəllibov 1990-cı il yanvarın 20-dən 1992-ci ilin martına qədər Azərbaycana rəhbərlik edib.

Xəbər lenti

Xəbər lenti