...

ASDP həmsədri: "Azadlıq" blokunun prezident seçkilərinin boykot edilməsi ilə bağlı çağırışları səmimi deyil"

Siyasət Materials 28 Avqust 2007 14:31 (UTC +04:00)
ASDP həmsədri: "Azadlıq" blokunun prezident seçkilərinin boykot edilməsi ilə bağlı çağırışları səmimi deyil"

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə / "Azadlıq" blokunun 2008-ci ildə keçiriləcək prezident seçkilərinin boykot edilməsi ilə bağlı çağırışları şantaj xarakteri daşıyır. Bu barədə çərşənbə axşamı Bakıda müxalifətyönlü solçu partiya olan Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) həmsədri Araz Əlizadə bildirib.

"Sağ müxalifət partiyaları heç vaxt verdikləri sözə əməl etməyiblər" - deyə ASDP həmsədri qeyd edib.

Müxalifət düşərgəsində 2008-ci ildə keçiriləcək prezident seçkilərində iştirak edib-etməməklə bağlı fikir ayrılığı yaranıb. Ölkənin aparıcı siyasi birliyi olan "Azadlıq" blokunda təmsil olunan partiyalar - Azərbaycan Xalq Cəbhəsi, Vətəndaş və İnkişaf partiyaları və Milli Birlik Hərəkatı hesab edirlər ki, seçki qanunvericiliyində dəyişiklik edilməsə və seçki komissiyaları müxalifət və iqtidar nümayəndələrinin iştirakı ilə paritet əsaslarla formalaşdırılmasa, prezident seçkilərində iştirak etmək olmaz. Onların bu mövqeyini Açıq Cəmiyyət Partiyasının lideri, hazırda ABŞ-da mühacirətdə olan keçmiş spiker Rəsul Quliyev də dəstəkləyir.

Müsavat, Milli İstiqlal, Sosial Demokrat və digər partiyalar isə hesab edirlər ki, 2008-ci ilin prezident seçkilərində iştirak etmək lazımdır.

Əlizadə xatırladıb ki, 2000-ci ildə Azərbaycanın 23 partiyası Seçki Məcəlləsində demokratik dəyişiklik edilməsə və seçki komissiyalarının tərkibi dəyişdirilməsə parlament seçkilərində iştirak etməyəcəkləri haqda saziş imzaladı. Onun sözlərinə görə, bir müddətdən sonra sağ müxalifət partiyaları imzaladıqları sazişə zidd olaraq, öz imzalarına hörmət etməyərək seçkiyə qatıldılar: "Bu, müxalifətin birliyinə xəyanət etmək idi" - deyə partiya həmsədri əlavə edib.

Əlizadə "Azadlıq" blokunun prezident seçkilərinin boykot edilməsi ilə bağlı çağırışlarını səmimi hesab etmir. Onun fikrincə, "Azadlıq" bloku da qarşıdan gələn prezident seçkilərində iştirak edəcək.

"ASDP bütün seçkilərdə iştirak etməklə bağlı qərar qəbul edib və 2008-ci ildə keçiriləcək prezident seçkilərində iştirak edəcəyik" - deyə Əlizadə bildirib.

Müxalifətyönlü sol partiya olan ASDP 1991-ci ildə yaradılıb. Partiyanın digər həmsədri, Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibov Rusiya paytaxtı Moskvada mühacirətdədir.

Xəbər lenti

Xəbər lenti