Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ Abdulla Gülün Türkiyənin yeni prezidenti seçilməsi Azərbaycan və Türkiyə münasibətlərinin inkişafına daha da müsbət təsir edəcək. Bu barədə Azərbaycanın Türkiyədəki səfiri Zakir Həşimov çərşənbə günü telefonla məlumat verib.
"Gül Azərbaycanın yaxın dostudur" - deyə səfir bildirib.
"Adalet və Kalkinma Partisi"nin (Ədalət və İnkişaf Partiyası) üzvü, Türkiyənin xarici işlər naziri Abdulla Gül Türkiyənin 11-ci prezidenti seçilib. O, Türkiyənin ən gənc üçüncü prezidenti kimi tarixə düşüb. O, 57 yaşında prezident kürsüsündə əyləşib.
Çərşənbə axşamı Türkiyə parlamentində səsvermə zamanı 339 deputat Gülün lehinə səs verib. Türkiyə Konstitusiyasına (Ana Yasa) görə, prezidentin üçüncü mərhələdə seçilməsi üçün parlamentarilərin 276 səsi kifayətdi. Parlamentdə Türkiyənin yeni prezidentinin andiçmə mərasimində Azərbaycanı səfir Həşimov təmsil edib.
Səfir deyib ki, Gülün xarici ölkələrə ilk rəsmi səfəri kimi Azərbaycana gəlməsi mümkündür və Azərbaycan tərəfi buna çalışır.