...

Azərbaycanda Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın konfransı keçiriləcək

Cəmiyyət Materials 14 Sentyabr 2007 12:51 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ Bakı şəhərində Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın (IAEA: International Association for Educational Assessment) "Milli qiymətləndirmə sistemlərinin və təhsil standartlarının qarşılıqlı asılılığı" mövzusunda 33-cü Beynəlxalq Konfransı keçiriləcək. Bu barədə cümə günü Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) məlumat verilib.

TQDK IAEA-nın üzvüdür və bu təşkilatın keçirdiyi proqramlarda mütəmadi iştirak edir. IAEA 1975-ci ildən başlayaraq hər il bu cür konfranslar keçirir. Ötən il konfrans Sinqapurda keçirilib. Azərbaycan MDB ölkələri arasında IAEA tərəfindən belə bir konfrans keçirilən ilk ölkədir.

Məlumata görə, konfransın işində Azərbaycanla birgə 40 ölkədən - ABŞ, Kanada, Böyük Britaniya, Çin, Almaniya, Avstraliya, İtaliya, İsrail, Misir, Yeni Zelandiya, Nigeriya, Pakistan, Filippin, Rusiya Federasiyası, Barbados, Macarıstan, Qambiya, Gürcüstan, Honq-Konq, Hindistan, Qazaxıstan, Keniya, Liberiya, Niderland, Malayziya, Sinqapur, Syerre-Leona, Cənubi Afrika Respublikası, Zimbabve, Zambiya, Şri-Lanka, Sloveniya, Tailand, Səudiyyə Ərəbistanı, Qana, Şri-Lanka, Tanzaniya, Tacikistan və Uqandadan 200-ə qədər nümayəndənin iştirakı nəzərdə tutulur. Konfransda milli qiymətləndirmə sistemləri, təcrübə və nailiyyətlər, ali və diplomdan sonrakı təhsilə qəbul üçün seçimin aparılması, dövlət qulluğuna qəbulda qiymətləndirmə və digər məsələlər müzakirə olunacaq.

IAEA 1974-cü ildə ABŞ-ın Nyu Cersi şəhərində keçirilən təhsillə bağlı görüşdə əsası qoyulmuş bir təşkilatdır. Bu qurumun işi testlərin tədqiqatı, qiymətləndirmənin təkmilləşdirilməsi, testlərin tərtib edilməsi, testlərin qiymətləndirilməsi sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatları bir araya yığmaq və bu məsələlər üzrə araşdırmalar apararaq yeni nailiyyətlər əldə etməkdən ibarətdir. Azərbaycan da MDB və Şərqi Avropa ölkələri arasında ilk dövlət kimi bu Assosiasiyaya 1999-cu ildən daxildir.

Xəbər lenti

Xəbər lenti