...

Ombudsman köçürüləcək istintaq təcridxanasında ventilyasiya sisteminin quraşdırılacağına inanmır

Cəmiyyət Materials 14 Sentyabr 2007 15:01 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ Köçürülməsi nəzərdə tutulan Bayıldakı 1 saylı istintaq təcridxanasına əlavə xərc çəkərək ventilyasiya sisteminin quraşdırılacağı inandırıcı deyil. Bu barədə cümə günü Azərbaycanın insan haqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova açıqlama verib.

Avropa Şurasının insan haqları üzrə komissarı Tomas Hammerberq sentyabrın əvvəlində Azərbaycanda səfərdə olarkən bir neçə cəzaçəkmə müəssisəsi və istintaq təcridxanasına baş çəkib. Hammerberq kameralarda ventilyasiya sisteminin olmamasından, məhkumların saxlandığı kameralarda həddən artıq isti olmasından narahatlığını bildirib, bu sahədə müvafiq tədbirlərin görülməsini vacib sayıb.

Ombudsman bildirib ki, Bayıl təcridxanasının məhbusların şəraitinin yaxşılaşdırılması üçün ventilyasiya ilə təmin edilməsi yaxşı olardı, amma bunun üçün bütövlüklə həmin binada mərkəzləşmiş şəkildə ventilyasiya sistemi quraşdırılmalıdır: "Nəzərə alaq ki, həmin bina söküləcək və beynəlxalq standartlara uyğun yeni həbsxana binası tikiləcək. Ona görə də mən inanmıram ki, sabah söküləcək bir binaya bu gün ventilyasiya sistemi quraşdırılsın" - deyə Süleymanova qeyd edib.

O əlavə edib ki, ventilyasiya sisteminin olmamasına görə irad səsləndirənlər sadəcə tənqid etmək üçün səbəb axtarırlar.

Süleymanova bildirib ki, köhnə təcridxanaların sökülməsi və regionlara köçürülməsi məhbusların yaxınlarına xeyli köməklik edəcək.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətininin Baş İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov Trend ə bildirib ki, cəzaçəkmə müəssisələri və istintaq təcridxanalarının yerləşdiyi binalar həddən artıq köhnə olduğundan orada ventilyasiya sisteminin qurulması mümkün deyil.

Azərbaycanda 17 cəzaçəkmə müəssisəsi, 1 həbsxana, 3 istintaq təcridxanası, 1 tərbiyə müəssisəsi, məhkumlar üçün 1 müalicə müəssisəsi, 15 məntəqə tipli müəssisə, 14 xüsusi müəssisə var.

Xəbər lenti

Xəbər lenti