Azərbaycan, Bakı, 21 sentyabr / "TrendLife" , müxbir Vüqar Vüqarlı/ Artıq xəbər verdiyimiz kimi, müğənni Lalə Məmmədova "İdeal"ın klipində çəkilib. Və bu klip eyniadlı qəzetin praktiki olaraq reklamını əks etdirir. "TrendLife"ın müxbiri müğənnidən bu addımı atmağa onu nə vadar etdiyini soruşduqda, müğənni cavab verdi: "Mən bilirəm, siz sözü nəyə atırsınız. Lakin bu tək maliyyə tərəfi ilə bağlı deyil. Bu işi mənə təklif edən insanlar bəstəkar Nadir Əzimov, aranjemançı Siyavuş Kərimidir. Vaxtı ilə onlarla əməkdaşlıq etmişəm. İndi yenidən onlarla işləmək mənə maraqlı gəldi. İkincisi isə reklam rolikinin nəyi pisdir ki? Mən nə ilk, nə də sonuncu insanam ki, reklamda çəkilirəm. Azərbaycan estradasında reklam roliklərinə çəkilmiş insanlar çoxdur".