Azərbaycan, Bakı 5 oktyabr /müx. "TrendLife" Günel Əhmədova/ "42 ildir sənətimə xidmət edirəm, amma əvəzində layiq olduğum adı almamışam. Ümumiyyətlə, yaxşı sənətkarların yeri həmişə səhv düşür. Mən də özümü həmin siyahıda hesab edirəm. Amma ürəyim dolanda danışmasam, bu, içimi parçalayır" - bu sözləri "TrendLife"a cazmen Cavan Zeynallı söyləyib. Son illər bəxti tele-aparıcı kimi gətirən cazmen bu haqda belə dedi:
- Son vaxtlar "Space" kanalında "Nostalji" verilişinin aparıcısı kimi məni görürsünüz. Tez-tez telekanallara dəvət alıram. Hazırda yeni mahnılar üzərində çalışıram. Kliplərim də var. Amma təəssüflər olsun ki, bu kliplər nadir hallarda efirə verilir.
- Səbəb nədir?
- Mən toy müğənnisi deyiləm ki, kommersiya üsulu ilə kliplərimi efirə verim. Ümumiyyətlə, elə düşünürəm ki, canlı korifeylərimiz olan Flora xanım Kərimova, Natəvan Şeyxova, İlhamə Quliyeva, Nisə Qasımova, Yalçın Rzazadə, Yaşar Səfərov, Elmira Rəhimova və başqa bu kimi sənətçilər kommersiya üsulu ilə efirə klip verməməlidirlər. Onlar artıq illərdir səhnədə külüng döyürlər və yaradıcılıqları ilə şöhrət qazanıblar.
- Unudulmaqdan qorxmursunuz?
- Xeyr, qətiyyən. Özümü dünya musiqisindən, korifey dünya musiqiçilərindən xəbəri olan, onların repertuarından gözəl mahnılar ifa edən peşəkar sənətkar hesab edirəm. Və yaxşı bilirəm ki, dünya miqyasında əgər müğənninin səhnə stajı, yaşı çoxdursa, onun fasiləsiz yaradıcılığı varsa, həmişə qonorarı da, hörməti də çox olub və dövlət tərəfindən qayğı görüb, maddi imkanı da yaxşı olub. Azərbaycanda isə müğənni nə qədər yaşlıdırsa, stajı nə qədər çoxdursa, onun qonorarı hamının qonorarından az olur. Bu, absurddur. Amerikanın korifey, nəhəng müğənnisi Frenk Sinatra 80 yaşında səhnəyə çıxanda bütün zal ayağa qalxıb onu alqışlayırdı. Onun yaradıcılığına, sənətinə hörmət vardı. Bizdə isə yaşlı sənətçilər səhnəyə çıxanda bəzən ağız büzürlər. Düşünmürlər ki, həmin o yaşlı sənətçi bütün həyatını sənətə qurban verib. Lakin əvəzində nə qazanıb? Sahəsi 17 kv/metrdən ibarət bir otaqlı mənzildə yaşayıram. Amma 42 ildir fasiləsiz olaraq səhnədəyəm. Bu gün də sənətimdən ayrılmamışam. Hələ bu günə kimi aidiyyatı olan təşkilatlar maraqlanmayıb ki, necə yaşayıram. "Qaya" qrupu dağılandan sonra neçə illərdir yazıb-yaradan Cavan Zeynallının evi varmı? Ailəsini necə dolandırır? Heç nəyim yoxdur. Atamdan qalan 1 otaqlı evdir miras. Sual verəcəksiniz, niyə? Ona görə ki, mən heç vaxt qapı döyməmişəm, heç kimə xahiş edib yalvarmamışam. Qürurumu sındırmamışam. Lakin çoxları elə bilir ki, mağazalarım, bağım, villam var. İnanın ki, evimə qonaq dəvət etməyə belə utanıram. O qonaq düşünməyəcəkmi, belə böyük bir sənətçinin hörməti budur?
- Sizcə, həyatda ən təhlükəli nədir?
- Həyatda ən təhlükəli insanların laqeydliyi, ikiüzlülüyü, yalanıdır. Belə şeylərdən yorulmuşam. İnanın ki, sonuncu dəfə çox gecikmiş ada layiq görüləndə - 2006-cı il sentyabrın 16-sında sevinmişəm. Təsəvvür edin, 42 il səhnədə can qoyan insan 61 yaşında əməkdar incəsənət xadimi adına layiq görüldü.
- Deyirlər ki, 50 yaşdan sonra insan ikinci gəncliyini yaşayır. Bunu hiss edirsiniz?
- Adımın Cavan olduğuna görə deyəsən 80 yaşında da özümü cavan hiss edəcəyəm. Çünki içimdə paxıllıq, kin-küdurət yoxdur. Yalanı sevmirəm. Məni tanıyanlar da bunu bilir. Bəzən zərərsiz yalanlar olur. Arada bir yalan danışmaq məcburiyyəti qarşısında qalırsan.
- Bir vaxtlar deyirdiniz ki, rəqibləriniz sizə toy bazarına çıxmağa imkan vermirlər. İndi vəziyyət necədir?
- Elə yaxşı da ediblər. Bu, mənlik deyil. Mən yalnız dostlarımın, qohumlarımın el şənliyinə gedirəm, özü də təmənnasız olaraq. Bundan ləzzət alıram.
- Vaxtilə bütün dünyaya səs salan "Qaya" qrupunun üzvləri indi hardadırlar? Onlarla görüşürsünüzmü?
- Hərəsi öz evində. Çox nadir hallarda məclislərdə görüşürük. Bizi bağlayan tellər artıq qırılıb. İndi hamı bir qarın çörəyinin zəhmətini çəkir. Bu gün mənim ən yaxın sirdaşım həyat yoldaşımdır. Gec evlənsəm də, çox xoşbəxtəm.
- Tale nəğmənizi oxumusunuz?
- Deyirlər, tale nəğməsi insan öləndə oxunur. Heç kim bilmir ki, sabah onu nə gözləyir. Sabah bugünkündən daha gözəl şeylər etməyə çalışırsan. Həyatımı əks etdirən nəğməni hələ ki, oxumamışam.