...

Niyə müğənni Mehrim jurnalisti özünə cangüdən götürüb və yeni duet yaradıb?

Cəmiyyət Materials 29 Oktyabr 2007 18:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 oktyabr/müx. TrendLife Şahin Cavadsoy

Yadınızdadırsa, ötən yay şəhərin müxtəlif əyləncə məkanlarında "Oxuyan Mətbuat" adlı bir müsabiqə keçirilirdi. İllərdir məmləkətimizdə şou-biznesin yaranması üçün can yandıran prodüser Zaur Kamalın müğənnilərlə jurnalistlərin birgə duetlərini gerçəkləşdirmək arzusu, çox təəssüf ki, sonadək baş tutmadı. Həmin layihənin baş tutmaması həm müğənniləri, həm də biz qələm əhlini çox məyus etmişdi. Amma deyəsən, o vaxtlar bizimlə bahəm bu müsabiqəyə qatılmış müğənni Mehrim, Zaur bəyin başlayıb sona çatdıra bilmədiyi bu yarışmanı sona çatdırmağı qarşısına məqsəd qoyub. Və sözünə əməl edib, milli şoudan yazan ən tanınmış media mənsubunu - Cavanşir Babəlioğlunu özünə duet ortağı edib. Bir yerdə duet oxuduqları mahnı isə belə adlanır - "Evli birisən". Sözləri digər jurnalist həmkarımız Azər Nəsibova, musiqisi sevilən hitlərin müəlifi kimi tanınan Elvin Musayevə aid olan bəstədə tərəf- müqabili olan cütlük, bir-birlərinə evlisən sözləri ilə xitab edib, subay çağlarını xatırlayırlar. Rejissor Natiq Novruzovun ekranlaşdıracağı klipin çəkilişləri artıq bitmək üzrədir. Mehrim xanım TrendLife- a verdiyi açıqlamasına "Oxuyan Mətbuat" müsabiqəsinin aqibətinə münasibət bildirməklə başladı: "Bəli, geniş tamaşaçı auditoriyası məni ilk dəfə məhz Zaur Kamalın həmin layihəsinin iştirakçısı kimi tanıdı. O vaxt hamı elə bilirdi ki, Zaur bəyin protejesi kimi səhnədə öz yolumu tutmağa calışacağam. Xeyr, söyləyirəm, bu heç də belə olmamışdı. Kamal dəvət etmişdi ki, yeni sima kimi bu yarışmaya qatılıb, öz istedadımı nümayiş etdirim. Görünür, qismət deyildi, həm müğənnilərə, həm də siz qələm əhlinə bu müsabiqəni sona çatdırmaq. Tam səmimiyyətimlə söyləyirəm ki, jurnalist Cavanşirlə duet oxumağımın əsas səbəblərindən biri də Zaur bəyin o arzusunu həyat keçirməkdir. Lakin, Cavanşirin belə bir istedada malik olmasını, professional müğənni kimi, tərəf- müqabilimə çevriləcəyini ağlıma gətirə bilməzdim. Bir sirr də açım ki, Babəlioğlunu sənətdəki qoruyucum da adlandırıram. Bilənlər bilir ki, o, bir vaxtlar tutarlı qalmaqalları ilə özünə kifayət qədər reytinq qazanan jurnalistlərdəndir. Hə, çəkinmədən Cavanşiri cangüdənim hesab edirəm. O, məni hər şeydən qoruyacaq".

Həmkarım da susmadı. Mehrimə olan münasibətindən danışan Cavanşir Babəlioğlu da, duet ortağı kimi, Mehrimin üzərində dayanmasına bu cür şərh verdi: "Mehirimin üzünə tərif çıxmasın, o, həqiqətən mərd bir xanımdır.Kimsəyə sirr deyil ki, sənətdə olan müğənnilərin hamısı, qələm əhli ilə dost olmağa çalışır ki, onlar hər zaman ancaq yaxşı tərəflərini tamaşaçılarına çatdırsınlar. Amma Mehrimə bu sözləri şamil etmək istəməzdim. Qısaca deyim ki, çox az vaxtda o, səs imkanları, performansı ilə zirvəyə doğru dayanmadan addımlayacaq".

Qeyd edək ki, "Evli birisən" klipinin çəkilişlərindən olacaq fotosessiyanı yaxın günlərdə sizlərə təqdim edəcəyik. Mehrim söz verdi ki, ilk klipləri hazır olan kimi, onu virtual dünyada məhz TrenedLife-da yayımlandıracaq.

Xəbər lenti

Xəbər lenti