...

Dünya Azərbaycanlıları Konqresi növbəti dəfə parçalanır

Cəmiyyət Materials 30 Oktyabr 2007 15:56 (UTC +04:00)
Dünya Azərbaycanlıları Konqresi növbəti dəfə parçalanır

Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ Dünya Azərbaycanlıları Konqresinin (DAK) Avropa bölməsi, təşkilat rəhbərliyinin fəaliyyətinə etiraz olaraq. DAK-ın növbədənkənar qurultayının çağırılmasına qərar verib. Bu barədə çərşənbə axşamı Trend ə DAK-ın keçmiş sədri, Avropa bölməsinin nümayəndəsi Cavad Derəxti məlumat verib.

Onun bildirdiyinə görə, DAK-ın Avropa bölməsi oktyabrın 19-da İdarə Heyətinə müraciət ünvanlayıb, DAK-ın böhranlı vəziyyətdən çıxması üçün tədbirlər görülməsini, ən əsası isə, indiki sədr Qulamrza Səbri Təbrizinin vəzifəsindən istefa verməsini tələb edib.

Həmin müraciətdə bildirilib ki, bu il iyulun 7-də Köln şəhərində keçirilmiş DAK-ın 9-cu qurultayından 3 ay yarım vaxt keçsə də, DAK-ın yeni İdarə Heyəti hələ də iflic fəziyyətdədir. Müraciətdə deyilib ki, Konqresin səhvlərinin daha da dərinləşməməsi üçün tolerantlığa çağırış edən Avropa Bölməsi, hər xəbərdarlıqdan sonra DAK başqanı tərəfindən hədə-qorxu ilə üzləşib. Avropa Bölməsi iddia edib ki, DAK sədri Nizamnamə və qurultayda qəbul olunan qərarları heç sayaraq, özbaşına hərəkət etməyə başlayıb.

"Səbri bəy İdarə Heyətindən xəbərsiz, neçə ildən bəri DAK-ın əleyhinə fəaliyyət göstərən şəxslərlə gizli əlaqəyə girdi, ona etiraz edənləri DAK-dan uzaqlaşdırmaqla hədələdi"-deyə DAK-ın Avropa bölməsinin İdarə Heyətinə ünvanladığı müraciətdə bildirilib.

Bölmənin iddiasına görə, DAK sədri təşkilat daxilində birlik yaratmaq əvəzinə, qruplaşma meyllərinin güclənməsinə zəmin yaradıb. Avropa Bölməsinin bildirdiyinə görə, Təbrizi bölməni DAK-dan uzaqlaşdırmaq, Konqresi düşmənlər üçün təhlükəsiz bir qurum halına gətirməyə çalışır.

Bu prosesin dərinləşməməsi üçün, DAK-ın Avropa Bölməsi Təbrizinin ciddi Nizamnamə və qurultay pozuntularına yol verməsini, bugünədək qurultay protokolunun yayılmasına mane olmasını əsas gətirərək, onu DAK sədrliyindən istefa verməyə çağırıb. Onun yerinə DAK-ı Azərbaycandan, Avropadan və Rusiyadan olan 3 həmsədrin idarə etməsini təklif edib.

Derəxtinin bildirdiyinə görə, DAK-ın qurultayanın sənədləri İsveçin müvafiq orqanlarına təqdim edilmədiyindən, yenidən qurultay çağırıla bilər. "Biz oktyabrın 26-da İdarə Heyətinin iclasını çağırdıq, amma heç kimi bir yerə toplaya bilmədik. Deməli, İdarə Heyəti işləmir" -deyən Derəxti əlavə edib ki, növbədənkənar qurultay yaxın günlərdə keçiriləcək. O, həmçinin, bildirib ki, özü yenidən sədrliyə iddialı deyil. Derəxtinin sözlərinə görə, İdarə Heyəti tam şəkildə toplanmasa belə, qurultay baş tutmuş sayılacaq, qurultayda 3 həmsədr seçiləcək. Derəxti hesab edir ki, bu qurultayın keçirilməsi, DAK-ın parçalanması demək deyil.

Məsələ ilə bağlı Təbrizi Londondan Trend ə açıqlama verib və bildirib ki, Avropa bölməsinin iddiaları və qurultay keçirmək niyyəti qondarma təşəbbüsdür. Onun sözlərinə görə, Avropa bölməsinin üzvləri ikiyə bölünmüş DAK-ın birləşməsini istəmirlər: "Mənim fikrim budur ki, iki DAK olmamalı, Azərbaycan diasporu birlikdə fəaliyyət göstərməlidir. Buna görə də danışıqlar aparıb, DAK-la DDAK-ın birləşməsi üçün birgə işçi qrupu yaratmışıq. İdarə Heyəti müsbət rəy versə, mayın 3-də birləşmə qurultayı keçirəcəyik"-deyə Təbrizi məlumat verib.

Onun sözlərinə görə, Derəxti və onun bir neçə nəfər tərəfdarının ayrılıqda DAK-ın qurultayını keçirməsi mümkün deyil ; Nizamnaməyə görə, qurultayı İdarə Heyəti çağırmalıdır: "Mən DAK-da Derəxti kimi, diktatura yaratmamışam. O, şahlığı əldən verib, indi yenidən sədr olmaq istəyirsə, buyursun, İdarə Heyəti nə qərar çıxarsa, mən onunla razı olacağam"-deyə Təbrizi bildirib. O, DAK üzvlərini hədələməsi barədə ittihamları da təkzib edib. Təbrizinin fikrincə, ona qarşı çıxan Avropa bölməsi nümayəndələrinin İdarə Heyətinə seçilməmələri onlarda etiraz yaradıb. Təbrizi bildirib ki, DAK-ın fəaliyyəti normal şəkildə davam edir, təşkilatın Londonda ofisini açıblar və qurumu rəsmi qeydiyyatdan keçiriblər. O da hesab edir ki, DAK-ın parçalanmasından söhbət gedə bilməz, çünki cəmi 3-4 nəfər qondarma təşəbbüslə çıxış edir.

DAK-ın iyulun 7-də keçirilmiş qurultayında Qulmrza Təbrizi Konqresə sədr seçilib. DAK 2003-cü ildə iki yerə bölünüb. O vaxtkı sədr Cavad Derəxtinin fəaliyyətinə etiraz edən bir qrup şəxs təşkiltadan ayrılaraq, özlərinin qurumunu yaradıb və DAK adı altında fəaliyyət göstəriblər. 3 ildən sonra onlar təşkilatın adında dəyişiklik edərək, Demokratik DAK adlandırıblar. Həmin dövrdə hər iki tərəf DAK adına iddia etdiyi üçün, təşkilatı parçalanmış hesab etmirdilər.

Xəbər lenti

Xəbər lenti