...

Korrupsiyada ittiham olunan müstəntiqin işi üzrə istintaq yekunlaşıb

Cəmiyyət Materials 27 Noyabr 2007 12:21 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir K.Zərbaliyeva/ Korrupsiyada ittiham olunan müstəntiqin işi üzrə istintaq yekunlaşıb.

Rüşvət alma və vəzifə səlahiyyətlərini aşmaqda ittiham olunan Bakı şəhər prokurorluğunun İstintaq İdarəsinin sabiq müstəntiqi Mahir Nağıyevin vəkili Vüqar Xasayev çərşənbə axşamı Trend ə bildirib ki, bazar ertəsi müstəntiq istintaqın yekunlaşdığını elan etsə də, hüquqlarını müdafiə etdiyi şəxs müstəntiqə etiraz edib.

Nağıyev barəsində oktyabrın 30-da Nəsimi rayon məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Nağıyev baş prokurorun 2 iyul tarixli əmri ilə xüsusi rütbədən məhrum edilməklə prokurorluq orqanlarından xaric edilib.

Vəkilin sözlərinə görə, Nağıyev istintaqın qərəzli, qeyri-obyektiv aparıldığını əsas gətirərək müstəntiqə etiraz verib. "Müstəntiq Nağıyevin bəraət almasına əsas verən şahidləri dindirmir, işi qərəzli aparır" - deyə Xasayev bildirib.

Vəkil bildirib ki, etiraz təmin olunmazsa, cinayət işinin materiallari ilə tanışlığa başlayacaqlar.

Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində Nağıyev barəsində aparılan cinayət işinin istintaqı zamanı müəyyən edilib ki, o, Bakı şəhər prokurorluğunun İstintaq İdarəsində mühüm işlər üzrə müstəntiq vəzifəsində işləyərkən Baba Mahmudzadə və Ehtiram Əhmədovun həbs olunmaması üçün onlardan rüşvət alıb.

Nağıyev həmin cinayət işi üzrə axtarışda olmuş Nataliya Sinisınanın həyat yoldaşı Anatoli Sinisının adına Bakı şəhərinin Yasamal rayonunda, "Qanlı göl" ərazisinin şərq hissəsində olan 0,12 hektar bağ sahəsini rüşvət şəklində ələ keçirib.

Keçmiş müstəntiq barəsində Korrupsiyaya Qarşı Mübarizə İdarəsində Cinayət Məcəlləsinin təkrar rüşvət alma (311.3.2) və vəzifə səlahiyyətlərini aşma (309.1) və vəzifə səlahiyyətlərindən sui-istifadə (308) maddələri ilə cinayət işi başlanılıb.

Xəbər lenti

Xəbər lenti