...

"Azadlıq" qəzetinin həbsdə olan baş redaktoru tələbləri yerinə yetirilməyənədək aclığı davam etdirəcək

Cəmiyyət Materials 12 Dekabr 2007 15:33 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir K.Zərbalıyeva/ "Azadlıq" qəzetinin həbsdə olan baş redaktoru tələbləri yerinə yetirilməyənədək aclığı davam etdirəcək. Bu barədə Trend ə çərşənbə günü baş redaktor Qənimət Zahidlə onun saxlandığı 1 saylı İstintaq Təcridxanasında görüşdən qayıdan hüquq müdafiəçisi Elçin Behbudov məlumat verib.

Baş redaktor Cinayət Məcəlləsinin qəsdən sağlamlığa az ağır zərər vurma və xuliqanlıq cinayətlərində şübhəli bilinərək noyabrın 11-də Bakının Yasamal rayon məhkəməsinin qərarı ilə 2 ay müddətinə həbs olunub.

Behbudov bildirib ki, baş redaktor dekabrın 8-dən etibarən jurnalistlərin həbsinə və özünün qanunsuz həbsinə etiraz olaraq aclığa başlayıb.

"Qənimət Zahidov bildirdi ki, tələbləri yerinə yetirilməyənədək aclığı davam etdirəcək", deyə Behbudov vurğulayıb.

Hüquq müdafiəçisi deyib ki, Zahid saxlanma şəraitindən və təcridxanada ona olan münasibətdən şikayətçi olmayıb.

Baş redaktorun həbsinə noyabrın 7-si saat 16 radələrində "Azadlıq" qəzeti redaksiyasının yerləşdiyi "Azərbaycan" nəşriyyatının binası qarşısında baş vermiş insident səbəb olub. Sevgiladə Quliyeva və Vüsal Həsənov adlı iki nəfərlə Zahid arasında yaranan mübahisə əlbəyaxa dava ilə nəticələnib. Həmin gün Yasamal rayon Polis İdarəsinə müraciət edən Həsənov məhkəmə-tibb ekspertizasından keçib və ona kəllə-beyin travması aldığı barədə rəy verilib.

Baş redaktor barəsindəki cinayət işi baxılması üçün Yasamal rayon məhkəməsinə göndərilib.

Əgər ittihamlar sübut olunarsa, baş redaktoru 3 ilə qədər həbs gözləyir.

İnsan hüquqlarının müdafiəsini həyata keçirən beynəlxalq təşkilatlar Zahidin həbsini pisləyən bəyanatla çıxış edib və bunu Azərbaycanda söz azadlığına təzyiq kimi qiymətləndiriblər.

Zahid həbsini ona qarşı hazırlanmış təxribat hesab edir.

Azərbaycanda peşə fəaliyyəti ilə bağlı 9 jurnalist cəzalandırılıb. Onların əksəriyyəti təhqir və böhtan cinayətlərinə görə məhkum olunublar.

Xəbər lenti

Xəbər lenti