...

Xuliqanlıqda təqsirləndirilən baş redaktorun məhkəməsinin vaxtı müəyyən edilib

Cəmiyyət Materials 14 Dekabr 2007 16:29 (UTC +04:00)

Azərbaycan,Bakı Trend , müxbir K.Zərbalıyeva/ Xuliqanlıqda təqsirləndirilən baş redaktorun məhkəməsinin vaxtı bəlli olub. Baş redaktor Qənimət Zahidin vəkili Elçin Sadıqlı cümə günü Trend ə bildirib ki, cinayət işi Yasamal rayon məhkəməsində hakim Südabə Məmmədovanın icraatındadır və dekabrın 26-da iş üzrə hazırlıq iclası keçiriləcək.

Baş redaktor Cinayət Məcəlləsinin qəsdən sağlamlığa az ağır zərər vurma və xuliqanlıq cinayətlərində şübhəli bilinərək, noyabrın 11-də Bakının Yasamal rayon məhkəməsinin qərarı ilə 2 ay müddətinə həbs olunub.

Baş redaktor dekabrın 8-dən etibarən, jurnalistlərin həbsinə və özünün qanunsuz həbsinə etiraz olaraq, aclığa başlayıb.

Vəkil bildirib ki, Zahid aclığı davam etdirir. Sadıqlı aclığın baş redaktorun səhhətinə mənfi təsir etdiyini deyib.

Söz və Mətbuat Azadlığının Müdafiə Komitəsinin sədri Arzu Abdullayeva baş redaktor Zahidə müraciətində onun revmatizm və digər xəstəliklərdən əziyyət çəkdiyini və aksiyanın səhhətinə mənfi təsir göstərəcəyini və himayısində 4 azyaşlı uşağının olduğunu qeyd edərək, aclığı dayandırmasını xahiş edib.

Baş redaktor çərşənbə günü İşgəncələrə Qarşı Komitənin sədri Elçin Behbudovla görüşündə tələbləri yerinə yetirilməyənədək aclığı davam etdirəcəyini bildirib.

Baş redaktorun həbsinə noyabrın 7-si saat 16 radələrində "Azadlıq" qəzeti redaksiyasının yerləşdiyi "Azərbaycan" nəşriyyatının binası qarşısında baş vermiş insident səbəb olub. Sevgiladə Quliyeva və Vüsal Həsənov adlı iki nəfərlə Zahid arasında yaranan mübahisə əlbəyaxa dava ilə nəticələnib. Həmin gün Yasamal Rayon Polis İdarəsinə müraciət edən Həsənov məhkəmə-tibb ekspertizasından keçib və ona kəllə-beyin travması aldığı barədə rəy verilib.

Əgər ittihamlar sübut olunarsa, baş relaktoru 3 ilə qədər həbsi gözləyir.

İnsan hüquqlarının müdafiəsini həyata keçirən beynəlxalq təşkilatlar Zahidin həbsini pisləyən bəyanatla çıxış edib və bunu Azərbaycanda söz azadlığına təzyiq kimi qiymətləndiriblər.

Zahid həbsini ona qarşı hazırlanmış təxribat hesab edir.

Azərbaycanda peşə fəaliyyəti ilə bağlı 9 jurnalist cəzalandırılıb. Onların əksəriyyəti təhqir və böhtan cinayətlərinə görə məhkum olunublar.

Xəbər lenti

Xəbər lenti