...

Əməkdar artist İlqar Muradov yaradıcılığını fəallaşdırıb

Cəmiyyət Materials 17 Dekabr 2007 16:31 (UTC +04:00)

Azərbacan, Bakı, 17 dekabr /müx. TrendLife Günel Əhmədova/

Əməkdar artist İlqar Muradov yaxın günlərdə həm albom çıxaracaq, həm konsert verəcək, həm də uzaq ölkələrdən birinə səfər edəcək. Müğənni TrendLife-ın müxbiri ilə söhbətində iş qrafikinin ritmini artıran səbəblərdən danışdı. Məlum oldu ki, Alixan adlı gənc bəstəkar İlqar Muradova yaxşı mənada təsir göstərə bilib. Artıq onlar müəllif diski çıxarmağa qərara veriblər.

Müğənninin etirafına inansaq, əgər bəstəkarın səyləri olmasaydı, o, bu tezliklə albom çıxarmağı düşünmürdü: "Artıq etiraf etmək istəyirəm ki, sənətdə ən ləng işləyən və layhilərini gerçəkləşdirməkdə tərəddüd edən müğənnilərdən ən birincisiyəm. Mənim təbiətim bu cür formalaşıb və özümübaşqa cür göstərə bilmirəm. Onda özüm olmayacağamı və gəbul edilməyəcəyimi bilirəm. Amma dostların təkidi və sənət naminə çalışmaq lazımdır".

Səs tembrinə görə bir çox janrlardan imtina edən müğənninin fikrincə, o, ritmik mahnılara bir o qədər meyilli deyil. Bu üsluba yalnız retro mahnılarla müraciət etdiyini deyən sənətçi repertuarında yer alan şən mahnılardan - "Badamlı"nı misal çəkdi. Yeni repertuarını isə o, adını çəkdiyimiz Alixanın mahnıları ilə zənginləşdirəcək. Artıq mahnı seçimi müəyyən edilib və müəlliflər onun studiya həlli üzərində çalışırlar. Müğənninin bildirdiyinə görə, yeni mahnıların sayı 10-a çatıb və onlar tezliklə toplu şəklini alacaq.

Ötən illərdən bəri gerçək həllini tapmayan konsert layihəsini yenidən gündəmə gətirən İlqar Muradov bu qərarı verməyə yeni mahnılarının səbəb olduğun söylədi. M.Maqomayev adına Filarmoniyanın səhnəsini seçən əməkdar artist yeni ildən sonra layihəsini təqdim edəcəyini söylədi. Söhbət zamanı müğənni dedi ki, bir sıra səfərlər onun yaradıcılığının növbəti mərhələsini təşkil edəcək. Müğənni bildirdi ki, yaxın aylarda Amerikaya səfəri gözlənilir. Müğənninin konsert proqramını təşkil edəcək səfərin hansı ştatda və nə vaxt keçiriləcəyi yaxın günlərdə bəlli olacaq.

Xəbər lenti

Xəbər lenti