...

Azərbaycan telekanallarının efir vaxtı azaldıla bilər

Cəmiyyət Materials 26 Dekabr 2007 11:30 (UTC +04:00)
Azərbaycan telekanallarının efir vaxtı azaldıla bilər

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Azərbaycanda yayımlanan telekanallar əcnəbi dillərdə filmlərin nümayişini dayandırmasa, onların efir vaxtının azaldılması məsələsi müzakirə oluna bilər. "Ana dilində filmləri nümayiş etdirə bilməyən telekanallar çıxış yollarından birini efir vaxtının azaldılmasında görməlidir" çərşənbə günü Trend ə Milli Televiziya və Radio Şurasının (MTRŞ) üzvü Qafar Cəbiyev bildirib.

Telekanallarda əsasən rus, türk və qismən ingilis və fars dillərində filmlər yayımlanır.

Bu il martın 14-də MTRŞ-nin iclasında Azərbaycanda fəaliyyət göstərən telekanallarda 2008-ci il yanvarın 1-dən əcnəbi dillərdə filmlərin (bədii, sənədli) nümayişinin tamamilə qadagan olunmasına dair qərar çıxarılıb. Qərarda türk dili başadüşülən olduğundan, əcnəbi dillər siyahısına salınmayıb. Teleradio Şurası qərarında qeyd edib ki, gələn ildən telekanallar bütün filmləri Azərbaycan dilinə dublyaj etməlidir. Qərara tabe olmayan telekanalların fəaliyyətinə xitam veriləcək.

Cəbiyev deyib ki, türk dilində filmlərin yayımına isə qismən icazə veriləcək. Müəyyən mərhələ keçdikdən, telekanallar dublyaj problemini tam aradan qaldırdıqdan sonra, türk dilində də filmlərin yayımına qadağa məsələsinə baxılacaq. "Heç bir kanala əcnəbi dillərdə filmlərin yayımına limit verilməyəcək. Hər hansı dilin qadağasından söhbət gedə bilməz, sadəcə, "Dövlət dili haqqında" qanunun tələbləri pozulmamalıdır" Cəbiyev əlavə edib.

Onun sözlərinə görə, Teleradio Şurasının qərarını yerinə yetirməyən telekanallara ilkin olaraq cərimələr tətbiq olunacaq. Daha sonra telekanalların yayımının dayandırılması məsələsi müzakirəyə çıxarılacaq.

Telekanallarda ana dilində filmlərin yayımı üçün Mədəniyyət vəTurizm Nazirliyinin nəzdində "Dublyaj" studiyası yaradılıb. Azərbaycanda 7 ümumölkə, 14 regional telekanal fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti