...

Vəhabiliyin qarşısının alınması üçün əhalinin maariflənməsinə ehtiyac var -Küveyt Vəqflər nazirinin müavini

Cəmiyyət Materials 27 Dekabr 2007 13:37 (UTC +04:00)
Vəhabiliyin qarşısının alınması üçün əhalinin maariflənməsinə ehtiyac var -Küveyt Vəqflər nazirinin müavini

Azərbaycan, Bakı / Trend , müxbir R.Hafizoğlu/Azərbaycanda vəhabiliyin qarşısının alınması üçün əhalinin dini cəhətdən maariflənməsinə və mötədil islam fikrinin yaranmasına böyük ehtiyac var.

"Vəhabiliyin və ümümiyyətlə hər hansı bir radikallığın qarşısının alınmasının ən ideal üsulu əhalinin dini cəhətdən maarifləndirilməsidir" - deyə cümə axşamı Trend ə Küveyt Vəqflər nazirinin müavini Adil əl-Fəlah bildirib.

1991-ci ildə Azərbaycanın müstəqilliyi elan edildikdən sonra, sərhədlərin açılması ilə ölkəyə qeyri-ənənəvi və islamda radikal cərəyan hesab edilən vəhabiliyin yayılır. Statistik məlumatlara görə, əhalisinin 65 %-ni şiyələr təşkil edən Azərbaycanda vəhabilik sünnülüyün bir qolu olsa da ənənəvi şiəlik və sünnülüyə qarşı öz dözümsüzlüyü ilə seçilir.

Adil əl-Fəlah hesab edir ki, dinindən və məzhəbindən asılı olmayaraq radikallığı təlqin edən bütün qruplara qarşı mübərizə aparılmalıdır. Azərbaycandə gedən siyasi, iqtisadi və dini prosesləri diqqətlə izlədiyini qeyd edən, Adil əl-Fəlah Azərbaycan əhalisinin vəhabilik və digər qeyri-ənənəvi hesab edilən məzhəblər və təriqətlər həqda çox az məluməta malik olduğunu bildirib. Adil əl-Fəlahın fikrincə, qeyri-ənənəvi hesab edilən məzhəblərə qarşı ən bariz mübərizə üsulu ictimaiyyətin dini cəhətdən maarifləndirilməsidir, bu isə ayrı-ayrı fərdlər yox, dövlət səviyyəsində aparılmalıdır.

"Vəhabiliyi ərəb dövlətləri deyil, ayrı-ayrı fərdlər və qruplar dəstəkləyir" - deyən Küveytin Vəqflər nazirinin müavini ərəb dövlətlərində belə vəhabiliyə müxalif olan və onlarla mübarizə aparan qüvvələrin olduğunu qeyd edib. Buna misal olaraq nazir müavini Küveytdə yaradılan və dünyada geniş vüsət alan "İslamda orta yol" (Vasatiyyə) adlı beynəlxalq mərkəzin fəaliyyətini göstərib. Bu mərkəz məzhəblər və dinlər arası dialoqun inkişafına xidmət edir. Dünyada "İslamda orta yol" fikrinin yayılmasının zəruriliyini qeyd edən Adil əl-Fəlah qeyri-ənənəvi hesab edilən məzbəblərin başlıca problemlərinin digər din və məzhəblərə qarşı dözümsüzlük nümayiş etdirmələrinin və cəmiyyətə yad olan fikirlərin yayılması üçün çalışmalarında görür.

Radikallıq və dözümsüzlüyün islamın beynəlxalq nüfuzuna mənfi təsir etdiyini vurğulayan Adil əl-Fəlah, sivilizasiya və mədəniyyətlərin qovşağı olan, dünyada tolerantlıq rəmzi kimi tanınan Azərbaycanda bunun yolverilməzliyini bildirib. O, Azərbaycanda sabitliyin qorunmasını, dinindən və məzhəbindən asılı olmayaraq hər bir azərbaycanlının vətəndaş borcu olduğunu xüsusilə vurğulayıb.

Adil əl-Fəlah hesab edir ki, Küveyt və Azərbaycan əlaqələri artan temp ilə inkişafdadır və bu ələqələrin möhkəmlənməsinə hər iki ölkədə diplomatik missiyaların açılması misaldır. Bütün bunların kifayət olmadığını bildirən Adil əl-Fəlah Azərbaycan istehsalı olan malların Küveyt bazarında tanınmaması və iki qardaş ölkə arasında turizm sektorunun inkişaf etməməsini təəssüf hissi ilə qeyd. "Mən, Küveyt-Ciddə-Bakı hava reysinin açılması üçün əlimdən gələni edirəm" - deyən Adil əl-Fəlah bu reysin açılmamasında Səudiyyə Hava Yollarının bəzi əngəllər törətdiyini və 2008-ci ildə bu reysin açılması üçün bütün vasitələrdən istifadə edəcəyini bildirib.

Azərbaycanın Küveytdəki səfirliyi 2004-sü ildə açılıb. 2007-ci ilin oktyabr ayında isə Küveytin Azərbaycandakı səfirliyi öz işinə başlayıb. Küveytin Ermənistan ilə diplomatik əlaqələri qurulmayıb.

Xəbər lenti

Xəbər lenti