Azərbaycan, Bakı, 25 yanvar / Trend , müxbir K.Zərbalıyeva/ AXCP sədri Əli Kərimlinin ona ümumvətəndaşlıq pasportunun verilməsilə bağlı kassasiya şikayəti üzrə proses növbəti dəfə təxirə salınıb.
Kərimlinin vəkili Elçin Qəmbərov cümə günü Trend ə bildirib ki, Nəsimi rayon prokurorluğunun vəkili iş materialları ilə tanışlıq üçün vaxt istədiyindən proses fevralın 15-nə təxirə salınıb.
2006-cı ildə keçmiş pasportun müddəti bitdikdən sonra Kərimli yeni pasport almaq üçün DİN Pasport Qeydiyyatı İdarəsinə müraciət edəndə ona bildirilib ki, haqqında Nəsimi rayon prokurorluğunda 1994-cü ildə Cinayət Məcəlləsinin qanunsuz silah-sursat saxlama maddəsilə açılan cinayət işinə xitam verilmədiyindən ona pasport verilə bilməz.
Qəmbərov prosesin məqsədli şəkildə təxirə salındığını iddia edir. Onun fikrincə, Ali Məhkəmə bununla partiya sədrinin İnsan Haqları üzrə Avropa Məhkəməsinə çıxışına əngəl yaratmaq məqsədi güdür.
Vəkil deyib ki, cinayət-prosessual qanunvericiliyə görə, beş il müddətinə xitam verilməli olan bu cinayət işi 12 ildir açıq qalıb. Kərimli Nəsimi rayon məhkəməsinə müraciətində cinayət işinə xitam verilməsini tələb edib. Məhkəmə isə şikayəti təmin etməyib.
Nəsimi rayon məhkəməsinin qərarından verilən apellyasiya şikayəti də təmin olunmayıb.
Elə bu səbəbdən də Kərimli pasport ala bilmir. Partiya sədrinin müavini Həsən Kərimov isə mətbuata açıqlamasında bunu siyasi məsələ kimi qiymətləndirib. "Bununla hakimiyyət 2008-ci il prezident seçkiləri ərəfəsində Kərimlinin siyasi fəaliyyətinə əngəl törətmək məqsədi daşıyır" - deyə Kərimov vurğulayıb.